AZ

Erməni futbolçu 10 oyunluq cəza ala bilər irqçilik iddiası araşdırılır

ain.az bildirir, Azxeber.com portalına istinadən.

"Krasnodar”ın kapitanı və Ermənistan millisinin lideri Eduard Spertsyan 10 oyunluq diskvalifikasiyaya məruz qala bilər.

AZXEBER.COM xəbər verir ki, Rusiya Futbol İttifaqının İntizam Komitəsi futbolçunun "Axmat”ın müdafiəçisi Usman Ndonqa qarşı irqçi ifadə işlətməsi ilə bağlı iddianı araşdırır. Bu barədə hüquqşünas Anton Prokopyets "Match TV”yə açıqlamasında məlumat verib.

Əgər günahı sübuta yetirilsə, Spertsyan 2026-cı ilin mart ayının sonunadək meydana çıxa bilməyəcək.

Hadisə Rusiya Premyer Liqasının 11-ci turunda "Krasnodar” – "Axmat” oyununda (2:0) baş verib. Qarşılaşmanın 85-ci dəqiqəsində Ndonq Spertsyana yumruq vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Matçdan sonra seneqallı futbolçu iddia edib ki, erməni yarımmüdafiəçi ona portuqal dilində "qara zibil” deyərək təhqir edib.

Görüşdən sonra "Axmat” klubunun yaydığı bəyanatda futbolçuya dəstək ifadə olunub:

"Biz irqçiliyə yox deyirik! Usman Ndonqa qarşı edilən təhqiri qınayırıq və oyunçumuza tam dəstək veririk”.

Spertsyan isə iddiaları qəti şəkildə təkzib edib:

"Bu, yalandır. O, bütün oyun boyu məni təxribata çəkirdi. İlk təhqiri də o etdi. Mən sadəcə "Cala boca” (sus) dedim. Başqa heç nə deməmişəm, bunu meydanda hamı eşitdi”.

Futbolçu həmçinin bildirib ki, qarşılaşma zamanı aldığı zərbə nəticəsində bir neçə dişi qırılıb:

 "Mənim bir neçə üst dişim sındı, indi müalicə olunmalıyam. Düşünürəm ki, əvvəlcə o, üzr istəməlidir”.

Rusiya Futbol İttifaqı məsələ ilə bağlı video görüntüləri, hakim hesabatını və hər iki tərəfin yazılı açıqlamalarını toplayıb. Qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Spertsyan hadisədən sonra Ermənistan millisinin heyətinə çağırılaraq 2026-cı il dünya çempionatının seçmə mərhələsində Macarıstan və İrlandiya ilə oyunlarda iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
azxeber.com

1Mənbələr