Məsələyə aydınlıq gətirən tanınmış həkim-cərrah, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında həm pandemiyanın son vəziyyəti, həm də mövsümi virusların yayılması ilə bağlı vacib məqamlara toxunub.
Onun sözlərinə görə, COVİD-19 pandemiyası artıq başa çatıb və SARS-CoV-2 virusunun yaratdığı qlobal təhdidin geri qayıtmaq ehtimalı yoxdur.
Adil Qeybulla bildirib ki, bu virusun yayılma zənciri həm vaksinasiya, həm də təbii immunizasiya nəticəsində qırılıb və bu səbəbdən pandemiya mərhələsi sona yetib:
"Viruslar mutasiyaya uğramaqda davam edir və bəzi bölgələrdə COVID-in yeni mutasiyalarına rast gəlinir. Bu hallar artıq pandemiya deyil, lokal epidemik ocaqlar səviyyəsində müşahidə olunur".
Professorun sözlərinə görə, hazırda yayılan infeksiyaların böyük əksəriyyəti ənənəvi mövsümi respirator viruslardır - qrip, influenza, rinovirus, adenovirus, metapnevmovirus və digər bu kimi viruslar. Bu infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır və yuxarı tənəffüs yollarında problemlərə səbəb olur:
"Havaların dəyişməsi, geyimə düzgün uyğunlaşmama və immun sisteminin zəifləməsi bu virusların aktivləşməsinə şərait yaradır".
Professor bildirib ki, bir yoluxmuş şəxsin kollektivdə bir neçə nəfəri yoluxdurması ilə lokal epidemiya halları yarana bilər.
Sonda Adil Qeybulla vətəndaşlara immun sistemini gücləndirməyi, fiziki aktivliyə üstünlük verməyi və xəstəliklərin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib.