Qırğızıstan prezidenti Sadır Japarov ölkədə ölüm hökmünün bərpası təşəbbüsünü izah edən açıqlama yayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, yerli mediaya müsahibəsində bildirib.
Qırğız liderin fikrincə, məhbusların həddən artıq rahat şəraitdə yaşaması cəzanın çəkindirici təsirini itirib:
“Əvvəllər məhbuslar ailələrinin və yaxınlarının göndərdiyi yeməyə, geyimə və pula möhtac idilər. İndi isə azadlıqdan məhrum edilməklə kifayətlənmirlər - həbsxanada belə pullar toplayır, cinayətkar aləmin gücünü saxlayırlar”.
Onun fikrincə, bu vəziyyət məhbuslarda qorxu hissini və cəzanın mənasını itirib.
Xatırladaq ki, Japarov ölkədə ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi təqdim edib. Bu addım 2008-ci il təvəllüdlü qızın İssık-Kul vilayətində zorlanaraq öldürülməsi hadisəsindən sonra atılıb.
Prezident Administrasiyasının mətbuat katibinin sözlərinə görə, ölüm cəzası uşaqların zorlanması və qadınların zorlanaraq öldürülməsi hallarına tətbiq ediləcək.
Bundan öncə də hökumətin rəsmi portalında vətəndaş müraciətləri bölməsində oxşar təklifin irəli sürüldüyü bildirilmişdi.
Musavat.com