Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na məxsus tankerlər Avropa sularına qanunsuz şəkildə neft tullantıları atır.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Məlumata əsasən, yalnız son 1 ildə ən azı 5 rus tankeri Avropa sahillərində neft sızmalarına səbəb olub. Onlardan iki gəmi Böyük Britaniya sanksiyaları altındaykən belə dənizi çirkləndirib.
Latviyanın energetika naziri Kaspars Melnis baş verənləri “böyük problem” adlandırıb və Avropanın “ekoloji fəlakətdən möcüzə sayəsində yayınmaqda olduğunu” bildirib.
““Kölgə donanması” Putinin neft gəlirlərini qorumaq üçün dənizləri çirkləndirərək atdığı ümidsiz və təhlükəli addımdır”, - deyə Britaniya XİN nümayəndəsi isə vurğulayıb.
Araşdırmada qeyd olunur ki, “SkyTruth” təşkilatının peyk şəkilləri və “Kpler” platformasının gəmiçilik məlumatları bu iddiaları təsdiqləyir.
Məlumata görə, Rusiyaya bağlı gəmilər faktiki nəzarətsiz fəaliyyət göstərir.
Bu, “Politico”nun 2024-cü ildəki araşdırmasının davamıdır, o vaxt da Avropa dənizlərində bir neçə neft sızması faktı qeydə alınmışdı.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra G7 ölkələri Rusiya neftinin ixracına qiymət həddi tətbiq edib. Buna cavab olaraq Moskva “kölgə donanması” adlanan, sanksiyalardan yayınmaq üçün köhnə və qeyri-şəffaf gəmilərdən ibarət şəbəkə qurub.
Məlumata görə, bu donanmanın tərkibində təxminən 1300 gəmi var. Onların fəaliyyəti yalnız çoxsaylı neft sızmaları ilə deyil, həm də Avropa sularındakı sualtı infrastrukturun zədələnməsi ilə əlaqələndirilir.
Avropa İttifaqı hazırda bu gəmilərə qarşı tədbirlər görür. Avropa İttifaqının “qara siyahısına” 444 tanker daxil edilib və onlara Aİ limanlarına girmək, Qərb sığorta və logistika xidmətlərindən yararlanmaq qadağan olunub.
Böyük Britaniya isə 450 tankeri sanksiyaya məruz qoyub.
Ekspertlər xəbərdarlıq edir ki, bu gəmilərin çoxu köhnə, texniki cəhətdən yararsız və sığortasızdır, bu isə bütün Avropa üçün ekoloji fəlakət riski yaradır.
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin hesablamalarına görə, böyük neft sızmasının nəticələrini aradan qaldırmaq təxminən 1,4 milyard avroya başa gələ bilər.
Əgər gəminin sahibi müəyyən edilməzsə, xərclər Avropa vergi ödəyicilərinin üzərinə düşəcək.
Musavat.com