AZ

Şəhid valideynlərindən etiraz: “Özünüzə hörmət qoyun, saxta nişanlar kimə lazımdır?”

Ötən yazımızda "Yeni Baxış" İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərovun şəhid analarına verdiyi nişan və diplomlar haqqında yazmışdıq. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, QHT sədri bir qrup şəhid valideynini tədbirə dəvət edərək onlara müxtəlif "döş nişanları" təqdim edib.

Musavat.com xəbər verir ki, iddialara görə, təqdim edilən "Qəhrəman ata" adlı döş nişanında "qəhrəman" obrazı kimi məhz təşkilat sədrinin öz şəkli təsvir olunub.

Bu isə şəhid valideynlərinin etirazına səbəb olub. Onlar bildiriblər ki, övladları şəhid olduğu halda niyə həmin nişanlarda başqa şəxsin şəkli olmalıdır və bu simvolu niyə sinələrində gəzdirməlidirlər.

Şəhid ailələrinin bir qismi sosial şəbəkələrdə yazaraq belə təşəbbüsləri qəbul etmədiklərini bəyan ediblər:

"Bizim üçün dəyərli olan yalnız dövlətimizin təqdim etdiyi orden və medallardır. Şəhid ailələrinə belə saxta nişan və diplomlar lazım deyil".

Onu da qeyd edək ki, Şahvələd Əsgərovun adı əvvəllər də dələduzluqla bağlı məhkəmə işlərində hallanıb. Mətbuatda yayılan məlumatlara əsasən, o, 2022-ci ildə Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində vəzifəyə düzəltmək vədi ilə bir Ülviyyə adlı qadından 20 min manat alıb. Hadisə ilə bağlı araşdırmalar nəticəsində Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (dələduzluq - xüsusilə böyük məbləğdə) təqsirli bilinib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bir qrup şəhid valideyni video müraciət edərək onlara saxta orden və diplom verənləri boykot etməyə çağırıb.

Şəhid qardaşlar Əli və İslamın anası Sevinc xanım:

"Buradan şəhid ailələrinə müraciət edirəm. Bizim balalarımıza dövlətimiz layiqli qiymət verib. Orden və medallarla balalarımızı təltif edib. Bizim hansısa saxta ictimai qurumun verdiyi saxta nişana, ordenə ehtiyacımız yoxdur. Prezidentimiz, dövlətimiz həmişə şəhid ailələrinin yanında olub. Dövlət qayğısını bizim üzərimizdən əskik etməyib. Sizdən çox xahiş edirəm, belə təşkilatların verdiyi saxta orden və nişanları qəbul etməyək. Bizim balalarımızın şəkli bizim üçün hər şeydən ucadır. Mən balalarımın şəklini qürurla sinəmdə daşıyıram. Onların şəklini heç kim oradan çıxara bilməz. Mən heç vaxt yol verə bilmərəm ki, kimsə balalarımın adından istifadə etsin. Sizdən də xahişim odur ki, saxta nişan və ordenləri qəbul etməyin".

Şəhid Nail İbrahimlinin anası Aqibət xanım:

"Bu günlərdə sosial şəbəkələrdə gördüm ki, İctimai Nəzarət adlı bir qurum saxta nişanlar hazırlayıb şəhid ailələrinə təqdim edir. Şəhid anaları, heç bir saxta nişan sizin övladınızın şəklini əvəz etməz. Bizim övladımız canından keçib və dövlət lazım olan nişanları sinəmizdən asıb. Bizim saxta nişanlara ehtiyacımız yoxdur. Elə edək ki, balalarımıza xələl gəlməsin. Belə saxta nişanlarla biz şəhid analarının qəlbini sındırırlar. Övladlarımızın adına xələl gətirirlər. Uşaqlarımızın ruhunu incitməyək. Sinəmizə uşaqlarımızın şəklini asıb, gedib restoranlarda hörmət gözləməyək. Şəhid ailələrinə qarşı mənfi fikir yaratmayın. Bu ada uyğun davranın".

Şəhid Cavanşir Rəhimovun anası Lalə xanım:

"Əziz valideynlər, biz çalışmalıyıq ki, şəhidimizn adından heç kim istifadə etməsin. Onların adını yüksək məqamda saxlayaq. Mənim oğlum Azərbaycanın ən gənc milli qəhrəmandır. Polad Həşimovun anasına baxın, görün özünü necə aparır, balasına hörmət qoyur. Siz də özünüzü hörmətli saxlayın. Siz seçilmiş analarsınız, ona uyğun davranın. Heç kəsin yanında yüngül hərəkət etməyin. Balalarınızı və özünüzü hörmətdən salmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
1
olaylar.az

2Mənbələr