Birləşmiş Ştatlar onilliklərdir ki, qlobal texnologiya bazarında hökmranlıq edir. Lakin indi Pekin bu tarazlığı dəyişmək üçün sürətlə irəliləyir.
Musavat.com xəbər verir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı süni intellekt (AI) və robototexnikaya milyardlarla dollar sərmayə yatırır, ən başlıcası isə yüksək səviyyəli çiplərin istehsalına böyük diqqət ayırır.
Bu addım Çin üçün ABŞ-dan asılılığı aradan qaldırmaq və texnoloji suverenliyi təmin etmək baxımından həyati əhəmiyyət kəsb edir. Keçən ay Silikon vadisində yerləşən süni intellekt çip nəhəngi “Nvidia”nın baş direktoru Jensen Huanq açıq xəbərdarlıq etmişdi ki, Çin ABŞ-dan yalnız nanosaniyələr geridə qalır. Lakin bu gerilik Pekini dayandırmayıb.
2024-cü ildə Çin startapı “DeepSeek” texnologiya dünyasını sarsıtdı. Şirkət “ChatGPT”yə rəqib süni intellekt modeli təqdim etdi və xüsusilə təlim xərclərinin ABŞ-ın aparıcı modellərindən xeyli aşağı olduğunu bildirdi.
DeepSeek daha az yüksək səviyyəli çiplərdən istifadə edib və bu, Silikon vadisində “Nvidia”nın bazar dəyərinə birbaşa təsir etdi. Bu hadisə yalnız başlanğıc idi. Çin texnologiya nəhəngləri artıq açıq şəkildə “Nvidia”ya meydan oxumağa başlayıblar.
“Alibaba” sentyabr ayında ABŞ ixrac qaydalarına əsasən, Çin bazarı üçün hazırlanmış, daha az enerji sərf edən yeni bir çipi elan etdi. Şirkət iddia edir ki, bu çip Nvidia-nın H20 modelinin performansına yaxın ola bilər.
“Huawei” isə bu ilin əvvəlində ən güclü çipini təqdim etdi və gələcək 3 il ərzində süni intellekt bazarında Nvidia-ya meydan oxumaq üçün planlarını açıqladı.
Bundan əlavə, Çin çip istehsalçıları yerli şirkətlərlə geniş müqavilələr bağlayaraq dövlət telekommunikasiya operatoru “China Unicom” kimi şirkətləri qabaqcıl çiplərlə təmin edirlər. “Cambricon Technologies” və “Tencent” də bu yarışda ön sıralardadır.
“Cambricon”ın səhmləri son 3 ayda 2 dəfədən çox artıb, investorlar şirkətin Çin şirkətlərini yerli yüksək səviyyəli çiplərlə təmin edə biləcəyinə inanırlar.
“Tencent” isə hökumətin yerli çiplərin istifadəsinə çağırışına cavab verərək bu təşəbbüslərə dəstək verir.
Müqayisəli araşdırmalar zamanı üzə çıxıb ki, Çin yarımkeçiriciləri proqnozlaşdırıcı süni intellektdə ABŞ çipləri ilə eyni performansı göstərir, lakin mürəkkəb analitik funksiyalarda hələ zəifdir. Lakin Çin çalışqan və istedadlı işçi qüvvəsinə, şiddətli daxili rəqabətə və çip istehsalında irəliləyişlərə malikdir. Çin çip istehsalının bəzi sahələrdə ABŞ-dan asılılığını azalda biləcəyini, lakin daha mürəkkəb süni intellekt sistemləri üçün hələ ABŞ çiplərinə ehtiyac olduğunu qeyd edir.
Ekspertlər hesab edirlər ki, Çin ABŞ, Cənubi Koreya və Tayvan tərəfindən uzun müddət qurulmuş yüksək səviyyəli təchizat zəncirlərindən hələ də məhrumdur. ABŞ isə ixrac məhdudiyyətləri ilə Çin çip sənayesinin inkişafını ləngidir, xüsusən də Pekinin yüksək səviyyəli Nvidia çiplərinə çıxışını məhdudlaşdırır. Bununla belə Çin geridə deyil və ABŞ-dan müstəqil olmaq üçün onlara daha 5 il lazım ola bilər. Çin texnologiya sənayesi sürətlə irəliləyir, süni intellekt və çip istehsalında ciddi addımlar atır. Amma hələ də bir sıra sahələrdə ABŞ-dan geridə qalır.
Çin ABŞ texnologiyasına çatacaqmı, yoxsa yalnız müəyyən sahələrdə qismən müstəqillik əldə edəcək?
Bir fakt dəqiqdir ki, texnoloji dünya artıq yalnız ABŞ və Silikon vadisi ilə məhdudlaşmır. Pekin də bu yarışda öz sözünü demək əzmindədir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com