AZ

73 yaşlı Eldəniz Rəsulov haradadır? Musavat.com-a danışdı: "Məni aldatdılar..."

Azərbaycanın kino və dublyaj aktyoru, 73 yaşlı Əməkdar artist Eldəniz Rəsulov Musavat.com-un əməkdaşı ilə söhbətləşib.

Adətən müsahibə verməyi xoşlamayan aktyor elə sullarımıza da qısa cavab verməklə kifayətlənib. Onunla söhbətə hazırda nə işlə məşğul olması ilə başladıq:

- 73 yaşım var, harada işləyə bilərəm ki, evdəyəm. İş olsa, niyə işləməyim ki.

- Siz uzun müddət televiziyada dublyaj aktyoru kimi çalışmısınız. Niyə bu işdən uzaqlaşdınız?

- Uzaqlaşmadım, özləri uzaqlaşdırdılar. Mən də çıxıb evdə oturdum. Əlbəttə, mənim də ürəyimdən işləmək keçir. Evdə çox darıxıram.

- Bəs indi gününüzü necə keçirirsiniz?

- Heç nə etmirəm, televizorda Zaura, Elgizə baxıram. Ömrüm belə keçib gedir.

- Yəqin nəvələrə baxırsınız, onlarla baş qatırsınız...

- Onlar mənə baxsın, yaşlı kişiyəm... (gülür)

- Mətbuatda, efirlərdə görünmürsünüz. Sanki qaçırsınız...

- Danışmaq istəmirəm. Nə deyim, nə dinim. Guya mən danışsam, nəsə düzələcək, heç nə düzələn deyil axı.

- Mətbuata bir və ya iki dəfə geniş müsahibə vermisiniz...

- Onda da razı deyildim, məni aldatdılar deyə gedib müsahibə verdim. Ondan sonra heç yerdə görünməmişəm.

- Bəli, uzun müddətdir ki, sizi görmürük. Heç bir verilişə çıxmırsınız. Yeri gəlmişkən, "Gümüşgöl əfsanəsi" filmində çox yaraşıqlı idiniz. İndi də elə yaraşıqlısınız?

- Kim, mən? Mən yaraşıqlı deyiləm.

Qeyd edək ki, Eldəniz Rəsulov Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. 1971-ci ildən bədii filmlərə çəkilib: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s.

Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edib. Dramaturq Qeybulla Rəsulovun oğludur.

2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

47-2.jpg

322-2.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
6
23
musavat.com

10Mənbələr