AZ

İmamverdi İsmayılovun “Bayquş və Qarovulçu” kitabının imza günü keçirilib

Bakı Ekspo Mərkəzində Milli Məclisin deputatı, yazıçı İmamverdi İsmayılovun “Bayquş və Qarovulçu” kitabının imza günü keçirilib.

Vətəninfo.az xəbər verir ki, tədbirdə Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, deputatlar, ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər.

Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, əsər dünyada baş verən haqsızlıqlardan bəhs edir: “Mən İmamverdi müəllimin bir çox əsərlərini oxumuşam və bilirdim ki, belə bir iş ortaya çıxacaq. O, gözəl sosioloq, insan, filosofdur. Əsərdə pisliklərin çoxalması qeyd olunub, amma təəssüf ki, biz bunu bayquşun üzərinə atmaq istəyirik. Heyif ki, bu gün də pisliklərin, münaqişələrin qarşısını ala biləcək təşkilatlar heç bir addım atmır. Bu əsəri oxuyanda bunu bir daha özüm üçün kəşf etdim”. Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov isə çıxışında əsərin sevilərək oxunduğunu və türk dilində də çap edildiyini bildirib: “Bu hekayədən hər kəs bir nəticə çıxarır. Bu, münasibət fərqliliyindən yox, yazıçının peşəkarlığından irəli gəlir”. Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli hekayənin mükəmməl bədii dildə yazıldığını vurğulayıb: “Bütün əsərlərdə bayquş pisliyi təmsil edir. Lakin burada bayquş xeyirin simvoludur. Düşünürəm ki, bu, ədəbiyyat tarixində ilkdir. Əsərdə obrazların adı yoxdur. Bunun əsas səbəbi qeyd olunan fikirlərin birbaşa insanlarla yox, bəşəriyyətlə bağlı olmasıdır. Bu əsər Azərbaycan hekayə tarixinə möhürünü vurub”. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da çıxışında kitab barədə müsbət fikirlər səsləndirib:“İmamverdi müəllimi uzun illərdir tanıyıram və onun necə qələm sahibi olduğunu bilirəm. Düşünürəm ki, bu əsərdən sonra o, Zəfər salnaməmizi də qələmə ala bilər”. Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, İmamverdi İsmayılov tələbəlik illərindən ədəbiyyata bağlı olub: “İmamverdi İsmayılovun ilk hekayəsi hələ ikinci kursda oxuyarkən “Ulduz” jurnalında dərc olunub”.Yazıçı Seyran Səxavət İmamverdi İsmayılovun qələminin iti olduğunu vurğulayıb və bildirib ki, o, taleyin ona bəxş etdiyi tərcümeyi-halla böyük uğurlar qazana bilər”. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli isə çıxışında təklif edib ki, sözügedən əsər dünyanın beş əsas dilinə tərcümə olunsun. Daha sonra Qubadlı rayonundan olan əməkdar müəllim Ədalət Əsədov və Zəngilan rayon Ağsaqqallar Şurasının sədr Xuduş İsgəndərov çıxış edərək müəllif və kitabla bağlı düşüncələrini bölüşüblər. Sonda isə İmamverdi İsmayılova söz verilib. O, tədbir iştirakçılarına və əsərə resenziya yazan şəxslərə minnətdarlığını bildirib: “İnanmazdım ki, hekayə bu qədər seviləcək. Hazırda bəşər dünya müharibəsinə hazırlaşır. Ancaq biz Ali Baş Komandan, Prezident İlham Əliyev və Ordumuzun qəhrəmanlığı sayəsində qalibiyyət bayrağımızın altına toplaşmışıq. Dövlət başçımızın siyasəti nəticəsində müqəddəs söz ətrafında birləşmişik. Mənə dəyər verən insanlara, mandat qazanmama səbəb olan Zəngilan və Qubadlı sakinlərinə təşəkkür edirəm”.

Yekunda oxucular müəllifə kitablarını imzalatdıraraq onunla şəkil çəkdiriblər.

Seçilən
1
veteninfo.az

1Mənbələr