Biləsuvar rayonunda Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunan veloyürüş təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, tədbir Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektoru ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı, həmçinin Biləsuvar Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutub.
Veloyürüşdə Bağbanlar kənd tam orta məktəbinin şagirdləri, eləcə də rayonun yeniyetmə və gəncləri iştirak ediblər. Marşrut Aranlı kəndinin girişindən start götürərək Bağbanlar kənd tam orta məktəbinin qarşısınadək davam edib. Yarışda 40-dan çox iştirakçı gücünü sınayıb.
Mükafatlandırma mərasimində çıxış edən natiqlər qeyd ediblər ki, tədbirin əsas məqsədi Zəfər Günü münasibətilə gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin velosiped idman növünü təbliğ etməkdir.
Sonda veloyürüşün bütün iştirakçılarına sertifikatlar təqdim olunub.