Olaylar xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.
O qeyd edib ki, hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır.
"Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi isə olduqca qürurvericidir. Çünki Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur", - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Hakan Fidan hazırda Türkiyənin xarici siyasətinin əsasını regionda sabitlik yaratmaq təşkil etməsinə də diqqət çəkib.
"Sabitliyin yaradılması üçün bir neçə şərt var. Birincisi, müharibələri və münaqişələri mümkün qədər sakitləşdirmək və ya sona çatdırmaqdır. İkincisi, iqtisadi əməkdaşlığı bərabər əsasda inkişaf etdirməkdir. Bunların nəticəsində hər kəs firavanlıqdan faydalana biləcək. Üçüncüsü, münasibətləri və regional strukturları institusionallaşdırmaq və onları daha da canlandırmaqdır. Bu perspektivlə bölgəmizdə işləyirik. Bu isə hər zaman Türk dünyası ilə münasibətlərimizdə və birgə regional işimizdə müşahidə olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü xarici siyasət perspektivi və Türkiyənin göstərdiyi səylər məhz bu istiqamətə yönəlib. Beləliklə, biz regionda sabitliyi təmin etmək üçün Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən istifadə edirik",- deyə Hakan Fidan əlavə edib.