Avropa Şurasının İşgəncələrin və Qeyri-insani Rəftarın Qarşısının Alınması üzrə Komitəsi (CPT) 2 illik fasilədən sonra yenidən Azərbaycanda olub.
Musavat.com xəbər verir ki, Gununsesi.info Avropa Şurasındakı mənbələrdən əldə etdiyi məlumata görə, səfər 22 sentyabr – 3 oktyabr tarixləri arasında baş tutub.
Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraiti, onlara göstərilən münasibət və həbsxanalardakı vəziyyətlə tanışlıq olub. Komitə üzvləri ölkənin bir sıra istintaq təcridxanalarına, polis idarələrinin müvəqqəti saxlama yerlərinə və psixiatriya müəssisələrinə baş çəkiblər.
Bu səfər həm də Komitənin əvvəlki illərdə verdiyi tövsiyələrə Azərbaycan hakimiyyətinin necə reaksiya verdiyini, hansı tədbirlərin görüldüyünü qiymətləndirmək məqsədi daşıyıb.
CPT nümayəndə heyəti səfər çərçivəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də müvafiq nazirliklərin, Penitensiar və Polis xidmətinin rəhbər şəxsləri ilə görüşlər keçirib. Həmçinin Baş Prokurorluq, Polis Akademiyası və Ombudsman Aparatının Milli Preventiv Qrupunun nümayəndələri ilə də məsləhətləşmələr aparılıb.Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini təqdim edib.
Məlumata əsasən, CPT üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası, eləcə də Binəqədi, Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon polis idarələrinin təcridxanalarına, habelə Gəncə və Yevlax rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə baş çəkiblər.
Xatırladaq ki, son 2 il ərzində Azərbaycanla Avropa Şurası arasında yaranmış diplomatik gərginlik səbəbindən CPT nümayəndələrinin ölkəyə səfərləri dayandırılmışdı.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com