AZ

Bakıda həbsxana həyatı yaşayan Ruben Vardanyan “Atom” layihəsindən çıxıb

Milyarder Rusiyanın avtomobil biznesindəki son payını da itirib...

Poliqon xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Rusiya vətəndaşlığından imtina edərək Qarabağda yerləşəyə üstünlük verən  iş adamı “Atom” elektromobili layihəsinin ilk investorlarından biri olub. Nəşr yazır ki, Ruben Vardanyan artıq bu sahədən tam çıxıb. O, “Kama” şirkətinin əsas səhmdarı olan “Vosxod” MMC-dəki 25 faizlik payını təhvil verib və beləliklə Rusiyanın avtomobil sənayesindəki bütün aktivlərindən imtina edib.

Rusiyanın hüquqi şəxslər reyestrindəki (EGRYUL) məlumatlara əsasən, Vardanyana məxsus pay bu ilin oktyabrında birbaşa “Vosxod”un balansına keçib. Şirkətdə 37,5 faiz pay isə “KAMAZ”ın baş direktoru Sergey Kogogin və “Spektr” MMC-yə məxsus olaraq qalır. “Spektr”in sahibləri arasında Vaqan Babloyan, Mixail Broytman və Janna Xaliullina yer alır.

Bu pay, görünür, Ruben Vardanyanın Rusiyada avtomobil sektorundakı son biznes marağı idi. O, ötən ilin payızında artıq “KAMAZ”ın da səhmdarları siyahısından çıxmışdı.

Məlumata görə, “Kama” layihəsinə ilkin mərhələdə Sergey Koqoqin və Ruben Vardanyan hər biri 360 milyon rubl investisiya yatırmışdı. Sonradan “Kama” şirkətinin əsas səhmdarı “Vosxod” MMC olmuş, “Rosatom”un tərkibinə daxil olan “Renera” şirkəti isə 2023-cü ildə “Kama”da 6,2 milyard rublluq pay əldə etmişdi.

“Kama” rəhbərliyi bu dəfə də Vardanyanın çıxışı ilə bağlı şərh verməkdən imtina edib. “Kyu Kapital” şirkətinin baş direktoru Yelena Orlova da mətbuatın sorğularına cavab verməyib.

Ekspertlər hesab edirlər ki, bu addım Vardanyanın çətin vəziyyəti ilə bağlıdır. “İndustriyal Kod” fondunun müşaviri Maksim Şapoşnikovun sözlərinə görə, biznesmenin payını satması onun siyasi və hüquqi vəziyyəti ilə əlaqədardır. 2022-ci ilin sentyabrında Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini bəyan etmiş, noyabrda isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın hökumətinə rəhbərlik etmişdi. 2023-cü ilin sentyabrında o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və hazırda həbsdədir.

Hüquqşünas Roman Lyapunov qeyd edir ki, iştirakçının payının cəmiyyətin özünə keçməsi adətən könüllü çıxışla bağlı olur. Şirkət çıxan tərəfə payın dəyərini ödəməlidir və bir il ərzində həmin payın yeni sahibi barədə qərar qəbul etməlidir. Əgər bu baş verməzsə, pay ləğv edilir və şirkətin nizamnamə kapitalı azaldılır.

“Eylər” şirkətinin baş analitiki Vladimir Bespalov isə hesab edir ki, bu hadisə “Atom” layihəsinə ciddi təsir göstərməyəcək, çünki elektromobil istehsalı artıq yekun mərhələdədir. Onun sözlərinə görə, satışların uğuru avtomobilin qiyməti ilə istifadəçi təcrübəsi arasındakı balansdan asılı olacaq.

“Kama” şirkəti hələlik avtomobilin satış qiymətini və buraxılış tarixini açıqlamasa da, seriyalı istehsalın ilin sonuna qədər “Moskvich” zavodunda başlaması planlaşdırılır. Əvvəlcə “Atom”un qiyməti 2,5–3,5 milyon rubl aralığında nəzərdə tutulmuşdu, lakin 2025-ci ildə bu göstərici 3–4 milyon rubla qədər artıb. Dövlət dəstəyi çərçivəsində 35 faizlik (ən çoxu 925 min rubl) endirim tətbiq edilə bilər.

“Atom” konsepsiyası yüksək rəqəmsal inteqrasiya səviyyəsinə malik, “təkərlər üzərində qadcet” adlandırılan elektromobil kimi təqdim olunur. Lakin ekspertlərin əksəriyyəti layihəyə skeptik yanaşır. Çünki qiymət səviyyəsi nəzərə alınmaqla, xüsusilə fərdi alıcılar tərəfindən kütləvi tələbat gözlənilmir. Bununla belə, analitiklər hesab edirlər ki, taksi və karşerinqlə məşğul olan xidmət şirkətləri layihəyə maraq göstərə bilər.

Poliqon.info

Seçilən
106
poliqon.info

1Mənbələr