AZ

Azərbaycan kinematoqrafları "Qorqud Ata" festivalında iştirak edib

BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycan nümayəndə heyəti 5-ci “Qorqud Ata” Türk Dünyası Film Festivalında iştirak edib.

Bu haqda Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilir ki, türk dünyası kinematoqrafiyasının inkişafı və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma olan festivalın açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Festival günləri ərzində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.

Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti baş tutub. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.

Sammitdə üzv ölkələrin kino rəhbərləri gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.

Festivalın sonuncu günündə təntənəli bağlanış mərasimi keçirilib. Yekun nəticələrinə əsasən, Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüb: “Tağıyev: Neft” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı aktyor” nominasiyası, “Bəlkə də” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı ssenari” nominasiyası, “Nargin” bədii-sənədli filmi – Sənədli film kateqoriyasında “İkinci yer” mükafatı. “Tağıyev: Neft” və “Nargin” filmləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunub.

Seçilən
11
5
teleqraf.com

6Mənbələr