AZ

2050-yə qədər Afrikanın işçi qüvvəsi iki dəfə artacaq

Gənclərin narazılığı yeni sosial təzyiqlər yaradır...

Poliqon xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, 2050-ci ilə qədər Afrikada işçi qüvvəsinin sayı demək olar ki, ikiqat artacaq. Dünya Bankının yeni hesabatında bildirilir ki, qitə gənclərin artan tələblərini ödəmək və narazılıqların dərinləşməsinin qarşısını almaq üçün təcili şəkildə milyonlarla yeni iş yeri yaratmalıdır. Qurumun məlumatına əsasən, hazırda müşahidə olunan sosial narazılıqlar artıq “Z nəsli”nin etirazları şəklində özünü göstərməyə başlayıb.

Dünya Bankı Afrika ölkələrində iqtisadi vəziyyətin ildə iki dəfə aparılan qiymətləndirilməsinin nəticələrini açıqlayıb. Hesabatda qeyd olunur ki, növbəti 25 il ərzində 600 milyondan çox insan əmək bazarına daxil olacaq və bu, müasir dünya tarixində ən böyük və ən sürətli demoqrafik dəyişiklik kimi qiymətləndirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, əgər Afrika ölkələri yeni iqtisadi inkişaf modelini formalaşdırmasa, bu miqyasda gənc əhalinin işlə təmin olunmaması sosial sabitliyə ciddi təhdid yaradacaq. Dünya Bankı vurğulayır ki, iqtisadi artımın dayanıqlığı və əhalinin rifahı üçün əsas hədəf yüksək məhsuldarlıqlı, keyfiyyətli iş yerlərinin yaradılması olmalıdır.

Mütəxəssislərin fikrincə, bu məqsədə çatmaq üçün qitədə innovasiyaya əsaslanan sənaye inkişafı, rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatında modern texnologiyaların tətbiqi prioritet istiqamətlərə çevrilməlidir.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr