BAKI, 7 oktyabr. TELEQRAF
“Fransa və Ukrayna şübhəsiz ki, ən yüksək səviyyəli rəqiblərdir. Bu komandalarla oyun keçirmək çox maraqlı olacaq”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rüstəm Əhmədzadə deyib.
DÇ-2026-nın seçmə mərhələsində Fransa və Ukrayna yığmalarına qarşı oyunlara hazırlıqlardan danışan 25 yaşlı yarımmüdafiəçi komandada əhval-ruhiyyənin qaydasında olduğunu bildirib: “Bu gün ilk məşqimizi keçirdik. Atmosfer işgüzar idi, hamı qarşıdakı oyunlara hazırlaşır və diqqətini buna yönəldib. Komanda ab-havası yüksəkdir”.
Ukrayna əsilli futbolçu qarşıdakı matçlara xüsusi motivasiya ilə çıxacağını vurğulayıb: “Ukrayna çox ciddi komandadır, yüksək səviyyəli, dünya səviyyəsində futbolçuları var. Görüşün asan olmayacağı bəllidir. İlk matçda Bakıda bu rəqibdən 1 xal almışdıq. İndi isə biz səfərdə oynayacağıq. Buna görə hər kəs maksimum səylə və böyük istəklə hazırlaşır. Düşünürəm, nəticə özünü göstərəcək”.
Qeyd edək ki, Ayxan Abbasovun komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə “Park de Prens” stadionunda Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna millisinə qarşı oynayacaq.