Rusiyanın "Spartak" (Moskva) klubu Dejan Stankoviçlə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir.
90deqiqe.Az “Metaratings”ə istinadən xəbər verir ki, klubun idman direktoru Fransis Kaxiqao komandanın sükanı arxasına keçəcək namizədlərlə danışıqlar aparır.
“Qırmızı-ağlar” bu proses çərçivəsində heç kimlə yox, məhz “Barselona”nın sabiq baş məşqçisi Xavi ilə təmas qurub. Tərəflər mümkün əməkdaşlıqla bağlı ilkin müzakirələr aparsalar da, ispaniyalı mütəxəssis bu təklifə imtinayla cavab verib.
Hazırda Xavi heç bir klubla müqaviləyə sahib deyil. O, 2023/2024 mövsümünün sonunda “Barselona”dan ayrılıb və yerini Hans-Diter Flikkə verib.
Xatırladaq ki, “Spartak” hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində 6-cı yerdə qərarlaşıb. Komanda lider "ÇSKA"dan altı xal geri qalır.