AZ

Elman Nəsirov: “İstərdik ki, Azərbaycan-Rusiya münasibətlərində yaranmış gerginlik aradan qalxsın, biz əbədi qonşularıq”

“Cənab Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə zəng etməsi və onu təbrik etməsi artıq Rusiya mətbuatında da müzakirə olunan məsələlərdəndir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu məsələyə qiymət verir. Qeyd edir ki, telefon danışığı olub və danışıq Putinin təbrik edilməsi ilə kifayətlənməyib, həm də ikitərəfli münasibətlər və bir sıra digər məsələlər müzakirə edilib. İkitərəfli münasibətlərə dair digər məsələlər dedikdə, yəqin ki, dövlətlərimiz arasında soyuqlaşmaya gətirib çıxaran səbəblər və nəticələr ətrafında müzakirələr olduğuna inam var. İstənilən halda qonşu dövlətlərik. Çox istərdik ki, telefon zəngləri, yaxud canlı təmaslar çərçivəsində Azərbaycan-Rusiya münasibətlərində yaranmış gerginlik aradan qalxsın. Çünki biz əbədi qonşularıq. Şimal qonşumuzla da münasibətlərimizin yaxşı səviyyədə qalmasını istərdik. Təəssüf ki, bu, bir tərəfin istəyi ilə baş vermir. Gərək Rusiya da analoji addım atsın, analoji davranış ortaya qoysun. Telefon zəngindən sonra münasibətlərdəki gərginliyin aradan qaldırılması istiqamətində daha real addımlar atıla bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Azərbaycan-Rusiya münasibətlərində son dövrlər yaranmış anlaşılmazlığa görə məsuliyyət qarşı tərəfin üzərinə düşür. Azərbaycan 2022-ci ilin fevral ayından Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasının fərqindədir. Üzərinə düşən öhdəlikləri də ləyaqətlə icra edib. Təəssüf ki, qarşı tərəf analoji addım atmayıb. Müttəfiqlik münasibətləri ilə daban-dabana zidd olan bir sıra davranışlar ortaya qoyub. Bu da ikitərəfli münasibətlərdə ciddi soyuqlaşmanın yaranmasına səbəb olub. Soyuqlaşma özünü müxtəlif sferalarda göstərir. Xüsusilə də, Azərbaycan diaspor nümayəndələrinə qarşı təzyiqlər və məlum təyyarə qəzası ilə bağlı Rusiyanın atdığı anlaşılmaz addımlar çoxlu suallar yaradır”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 Oktyabr 2025, 13:44   
Seçilən
56
pravda.az

1Mənbələr