AZ

Qəbələ Zirvəsindən verilən MESAJLAR

Yazını böyüt
Yazını kiçilt

“Artıq Türk Dövlətləri Təşkilatı bir geosiyasi mərkəz kimi formalaşır” - Elçin Mirzəbəyli

Azərbaycan Prezidenti Qəbələ Zirvəsində Türk dövlətlərinin birliyini, qardaşlığını möhkəmləndirən, dünyaya örnək olan nüansları bəyan etdi. Dövlət başçısı Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkürünü də ifadə etdi və Füzulidə Mirzə Uluqbəy adına məktəbi, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəbin fəaliyyətini qeyd edərək, bunu özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsi adlandırıb. Eləcə də Macar qardaşlarımızın hədiyyəsi kimi Cəbrayılda tikilən məktəbi, Türkmən qardaşlarımızın hədiyyəsi olan və yeni təməli qoyulan Füzuli məscidini qeyd edib. Prezident qardaş Türkiyənin şirkətlərinin bir çox tunellər, körpülər, yollar inşa etdiyini söyləyərək, Azərbaycan xalqının qardaş dəstəyini heç vaxt unutmayacağını deyib.

Ölkə başçısının Zirvə çıxışında yer alan bu məqamlar beynəlxalq müstəviyə yönəlik hansı mesajdır və türk dövlətlərinin bərpa prosesinə dəstəyini necə şərh etmək olar?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli hafta.az-a bildirib ki, 12-ci Zirvə toplantısı Türk Dövlətləri Təşkilatının tarixində önəmli yer tutacaq. Deputat vurğulayıb ki, bu, təkcə verilən mesajlar deyil, eyni zamanda qəbul olunan ortaq razılaşmalar baxımından da tarixi əhəmiyyətə malikdir. O, qeyd edib ki, toplantının Albaniyanın paytaxtı olmuş Qəbələ şəhərində keçirilməsi Azərbaycan dövlətçiliyinin tarixliyini büruzə verən, eyni zamanda türk dövlətləri təşkilatının özü üçün də tarixi əhəmiyət kəsb edən bir mesaj kimi qiymətləndirilməlidir.

E.Mirzəbəyli bildirib ki, Azərbaycan Prezidentinin nitqi mahiyyət etibarı ilə hər zaman olduğu kimi, proqram xarakterli idi. Ən önəmli məqamlardan biri isə artıq Türk Dövlətləri Təşkilatının bir geosiyasi mərkəz kimi formalaşması ilə bağlıdır:

“Təbii ki, bu, indiyə qədər ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində və təşkilata yönəlik həyata keçirdiyi siyasətin birləşdirici faktorunun bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan Prezident - "bizim ailəmiz türk dünyasıdır" deməklə artıq türk dövlətlərinin, türk toplumlarının birliyinin bir formulasını nümayiş etdirdi. Bu, vacib faktorlardan biridir”.

Deputat eyn zamanda qeyd edib ki, Prezidentin çıxışında Bakıda keçirilən türkoloji qurultayın 100 illiyi ilə bağlı mesajların verilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki bu birlik ortaq türk əlifbasının yaradılması ilə bağlıdır və bu proses hələ ötən əsrin əvvəllərində Azərbaycandan başlamışdı:

“Azərbaycan hər zaman türk dünyasının birliyinin ideya mərkəzlərindən biri və birincisi funksiyasını yerinə yetirib. Bu gün də ölkəmizin liderliyi ilə türk dövlətləri təşkilatının gücləndirilməsi və beynəlxalq hüququnun artırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu, mühüm faktorlardan biridir”.

Deputat eyni zamanda vurğulayıb ki, Azərbaycan Prezidentin nitqində yer alan nəqliyyat dəhlizləri, orta dəhlizlə bağlı verilən mesajlar Azərbaycanın bu prosesdə Avrasiyanı, türk dünyasını birləşdirən mühüm bir məkan olduğunu xüsusilə önə çıxarır:

“Bu mesajlar türk dövlətləri təşkilatının institutlaşma prosesinin artıq önəmli bir mərhələni geridə buraxdığını təsdiqləyir. Həmçinin, ən önəmli məqamlardan da biri türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlıdır. Bəlli olduğu kimi, bu günə qədər Azərbaycan bir sıra ölkələrlə, elə ilk növbədə qardaş Türkiyə, Özbəkstan ilə müəyyən hərbi təlimlərin həyata keçirilməsinə nail olub. Türkiyə ilə faktiki olaraq bu, sistemli və davamlı şəkildə həyata keçirilir. Azərbaycanla Türkiyənin müdafiə hərbi sahəsindəki əməkdaşlığı artıq bir model olaraq Türk Dövlətləri Təşkilatı üçün hərbi sahədə əməkdaşlıq müstəvisində genişi istifadə oluna bilər. Bu baxımdan düşünürəm ki, artıq yeni bir mərhələyə adlamış Türk Dövlətləri Təşkilatının həyatında Qəbələ sammiti mühüm tarixi əhəmiyyətə malik olduğu kimi, Azərbaycan Prezidentinin verdiyi mesajlar da türk dövlətləri təşkilatnın öz hədəflərinə doğru inamla addımlamasında tarixi əhəmiyyət kəsb edəcək".

Seçilən
41
hafta.az

1Mənbələr