AZ

Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Ədliyyə Nazirliyi bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsi ilə bağlı statistikanı açıqlayıb.

Statistikaya əsasən, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Məlumata görə, azərbaycanlılar daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb. 

Əvəllər Azərbaycan vətəndaşlarının xaricilərlə evliliyi cəmiyyətdə birmənalı qarşılanmırdı. Xüsusi ilə də qadınların əcnəbi vətəndaşla evliliyi bölgə və kənd yerlərində qınağa səbəb olurdu. Kəndlərdə qızın xarici ilə evliliyi həmişə ata və anaya başqaxıncı olub. Amma bu gün cəmiyyətdə əcnəbi kişi ilə evlilik məsələsində vəziyyət fərqlidir. İstər bölgələrdə, istərsə də paytaxtda əcnəbi ilə ailə quran qadınlara həmkarları, qohumları belə desək, həsəd aparanlar var.

Görünən odur ki, Azərbaycan qadınlarının xarici oğlana ərə getməsi səbəbsiz deyil. Sual olunur, filankəsin qızı niyə qara dərili oğlanla evləndi? Belə qadınlardan birinin Qaynarinfo-ya dediklərindən:

"Ailəm rayonda yaşayırdı, çox gözəl münasibətlərimiz, sayılıb-seçilən nəslimiz var idi. Amma bir gün... Hamı kimi mən də sevib-seçdim. Ən başlıcası isə inandım. Bir də baxdım ki, hamiləyəm. Bunu oğlana deyəndə ailəsi daş atıb baş tutdu. Dedilər ki, "Bizə qarnıburnunda olan gəlin lazım deyil". İş böyüdü, bütün kənd, rayon məndən danışmağa başladı. O qədər stress keçirdim ki, hamiləliyim sonuclandı, uşaq tələf oldu. Beləcə məni həmin evliliyə aparan səbəb qalmadı. Ondan sonra qaragünlərim başladı, nəsil, kənd, kim gəldi başqaxıncı edirdi. Atam bu utanca üzləşməmək üçün kəndən köçməyə qərar verdi. Baxdım ki, atam doğulduğu kəndi qoyub getməyə qərarlıdır, onu durdurmağın bircə yolu var idi - evdən qaçdım, Bakıya gəldim. Burada kafe və restoranlarda iş tapdım. Həmin vaxtlar işlədiyim kafeyə tez-tez qara dərili tələbələr gəlirdi. Onların biri ilə dostlaşdım. Bu münasibətlər bizi daha da yaxınlaşdırdı və bir gün dedi ki, gəl bir yerdə yaşayaq. Beləcə bu təklifə razılıq verdim. Əlacım da yox idi, hara getsəydim yaşadıqlarım məni qarabaqara izləyəcəkdi". 

Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda xarici oğlanla ailə quran yox idi:

"Biz mühafizəkar cəmiyyətdə yaşayırdıq, ictimai qınaq böyük idi. Uşaqlar əsgər gedəndə deyirdilər ki, xidmətdən sonra vətənə dön, başqa millətin nümayəndəsi ilə ailə qurma, gələrsən öz millətinlə ailə qurarsan və s. kimi bir yanaşma var idi. Azərbaycan qlobal dünyaya açıldı, açıq cəmiyyətə inteqrasiya etdi xarici ölkələrə gediş-gəliş, seriallar, kliplər və s. bütün bunlar insanları düşüncəsində dəyişdi.  İctimai qınaq zəiflədi, insanlar ailə qurmaq qərarlarında sərbəst seçim etməyə başladılar. Əvvəl Azərbaycan  qadını xarici oğlanla ailə qurmazdı. Amma bu gün edilən təklifə dərhal "hə"  deyir. Səbəbləri var. Qızın nişanı qayıdır, yaxud da ailə qurur, evlilik həyatı qaydasında olmayan kimi boşanmağa qərar verir. Azərbaycan cəmiyyətində belə qadınlarla ailə qurmaq bir qədər qəribə qarşılanır. Qızlar da fikirləşir ki, əgər cəmiyyət mənim ikinci dəfə ailə qurmağımı pis qarşılayırsa, o zaman xarici vətəndaşla da ailə quraram. Xarici vətəndaş qadını sorğulamır, nişanlı, yaxud ərdə olub-olmayıb, niyə boşanıb deyə. Ona görə də qadın əcnəbiyə gedir".

Sosioloq bu gün Azərbaycan kişilərinin də əcnəbi qadınlarla ailə qurmasının müxtəlif səbəbləri olduğunu xatırladıb: 

"Kişilər çox vaxt işləmək üçün üz tutduğu ölkədə daimi yaşamaq kimi məqsədlərlə ailə qururlar. Belə olanda onlara həmin ölkədə dəyib-dolaşan olmur".

Üzeyir Şəfiyev hər bir halda bunun yaxşı bir tendensiya olmadığını diqqətə çatdırıb:

"Yaxşı olardı ki, öz vətəndaşlarımızla ailə qursunlar. Bu genefond təhlükəsizliyi baxımından bizi sığortalamış olar, həm də bütövlükdə Azərbaycanın ailə dəyərlərini, ailə institutunu qoruyub saxlayardı".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr