Azərbaycan millisinin Dünya Çempionatının seçmə mərhələsində növbəti rəqibi Fransa yığmasıdır.
Özü də səfərdə...
Yığmamız tarixində ən ağır məğlubiyyətini məhz fransızlardan alıb – 0:10.
Tarixə “Oser faciəsi” kimi düşən hadisə 1995-ci ildə baş tutub.
30 ildi bizi üzən biabırçı nəticə nə az, nə çox düz 28 il Fransanın tarixində ən böyük hesablı qələbə kimi yer alıb.
Nəhayət, 2023-cü ildə Cəbəllütariq bizimkilərin kölgədə qalmasına vəsilə olub.
“Park de Prens”də keçirilən görüşdə “cırtdanlar” qapısından 14 qol buraxıb.
Bəlkə də bu nəticə qeydə alınmazdı, əgər qonaqların bir qədər bəxti gətirsəydi.
Düzdü, həmin gecə fransızlar görüşə çox amansız start verib.
İlk 16 dəqiqədə rəqib qapısından 3 qol keçiriblər. Elə üçüncü qolun buraxıldığı dəqiqədə Cəbəllütariq millisi daha bir zərbə alıb. Baş hakim Con Books qonaqlardan Ethan Snatosu qırmızı vərəqə ilə meydandan qovub, 30-cu dəqiqədə qapılarına penalti təyin edib. Elə bununla da kələfin ucunu itirən rəqibinə meydan sahibləri sağdan-soldan qolları yağış kimi yağdırıb.
Allah yığmamızı belə tərslikdən qorusun.
Onsuz da dünya nəhəngi ilə 11 nəfərlə belə mübarizə aparmaq çox çətindir. Bir də belə şanssızlıqlar üst-üstə gələndə vəziyyət bax bu cür ağır olur.
İnanaq ki, yığmamızın mübarizə hissi ilə bərabər, şansı da həmin gecə yanında olacaq. Əks halda, başımızı çox tutmalı olacağıq...
XANOĞLAN / SPORTİNFO.AZ