AZ

Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...


Kamran Əsədov: “Kredit alan tələbələrin kredit qaytarılma mexanizmləri ilə bağlı məlumatlılığı zəifdir, universitetlərdə maliyyə savadlılığı tədrisi hələ sistemli şəkildə aparılmır”

Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) yaradılıb. Fond təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə, yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaq məramını gerçəkləşdirir.

Əsas hədəfləri gənclərə təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Məlumat üçün bildirək ki, bugünə qədər tələbələrə ümumilikdə 60 milyon 314 min 303 manat təhsil krediti verilib. Qeyd edək ki, bu il verilən təhsil tələbə kreditlərinin məbləğində ötən illərlə müqayisədə artım qeydə alınıb.

Bu il tələbələrə 18 725 570 manat məbləğində təhsil krediti verilib. Məlumat üçün bildirək ki, 2021-ci ildə bu rəqəm 11 962, 2022-ci ildə 10 milyon 220 min 125, 2023-cü ildə 13 milyon 865 min 504, 2024-cü ildə isə 17 milyon 491 min 142 manat olub.

Qeyd edək ki, hər il müəyyən məbləğdə vəsait təhsil tələbə krediti verilir. Maraqlıdır, bu layihə özünü nə dərəcədə doğruldur?

“Təhsil Tələbə Krediti Fondunun resurs bazasının davamlılığı üçün dövlətlə yanaşı özəl sektorun da bu prosesə investisiya yönəltməsi stimullaşdırılmalıdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illərdə Azərbaycanda təhsil tələbə kreditləri sisteminin həm maliyyə həcmi, həm də əhatə dairəsi dinamik şəkildə genişlənib: “2021–2025-ci illəri əhatə edən dövrdə kredit məbləğlərinin artım tempi dövlətin ali təhsilə çıxış imkanlarını genişləndirmək istiqamətində apardığı məqsədyönlü siyasətin nəticəsidir. Statistik məlumatlara əsasən, 2021-ci ildə tələbələrə verilən təhsil kreditlərinin ümumi məbləği 11 milyon 962 min manat olduğu halda, 2022-ci ildə bu göstərici 10 milyon 220 min 125 manata enib, lakin sonrakı illərdə sabit artım tendensiyası müşahidə olunub. 2023-cü ildə kredit məbləği 13 milyon 865 min 504 manata, 2024-cü ildə isə 17 milyon 491 min 142 manata çatıb. Cari 2025-ci ildə isə bu rəqəm 18 milyon 725 min 570 manata yüksəlib. Bu, əvvəlki illə müqayisədə təxminən 7 faiz, 2021-ci illə müqayisədə isə 56 faiz artım deməkdir.

Azərbaycan Respublikasının “Təhsil Tələbə Krediti Fondu haqqında Əsasnamə”sinə əsasən, bu mexanizmin məqsədi sosial rifahı aşağı olan ailələrdən çıxan gənclərin ali təhsil almaq imkanlarını genişləndirmək, təhsilin maliyyə əlçatanlığını təmin etmək və insan kapitalının bərabər inkişafını dəstəkləməkdir. Eyni zamanda, “Təhsil haqqında” Qanunun 30-cu maddəsində göstərilir ki, dövlət təhsil sisteminin inkişafı üçün maliyyə və kredit mexanizmlərini formalaşdırır və təhsil alanlara güzəştli şərtlərlə kreditlər verilməsi dövlətin öhdəliyidir. Bu baxımdan, artan kredit məbləğləri qanunvericilikdə nəzərdə tutulan sosial ədalət prinsipinin praktik tətbiqi kimi dəyərləndirilə bilər.

Təhlil göstərir ki, artım təkcə nominal məbləğlərdə deyil, həm də kredit alan tələbələrin sayında öz əksini tapır. 2021-ci ildə cəmi 2500 tələbə bu proqramdan yararlanmışdısa, 2024-cü ilin sonunda bu rəqəm artıq 7000 nəfərə yaxınlaşıb. Tələbələrin 65 faizi sosial yönümlü kreditlər, 35 faizi isə standart təhsil kreditləri vasitəsilə təhsil xərclərini qarşılamaqdadır. Bu artım həm də Elm və Təhsil Nazirliyinin və Təhsil Tələbə Krediti Fondunun operativ idarəetmə və şəffaf müraciət sistemləri qurması ilə bağlıdır.

Beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycan modeli fərqli xüsusiyyətlərə malikdir. Məsələn, ABŞ-da “Federal Student Loan” sistemi üzrə tələbələr təhsillərini bitirdikdən sonra orta hesabla 10–15 il ərzində borclarını ödəyirlər və faiz dərəcəsi 4–7% arasında dəyişir. Skandinaviya ölkələrində isə tələbə kreditləri sıfır və ya mənfi faizlə, dövlət zəmanəti ilə təqdim olunur”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda tətbiq edilən sistem isə sosial bərabərlik prinsipi üzərində qurulub — kreditlər faizsiz və ya minimal faizlə, tələbə işlə təmin olunana qədər güzəştli dövrlə verilir. Bu model sosial məsuliyyət və bərabər təhsil imkanlarının təminində mühüm rol oynayır: “Müsbət tərəf ondan ibarətdir ki, bu artım ali təhsilin maliyyə yükünü yüngülləşdirir, xüsusilə regionlardan olan, ailə gəliri məhdud olan tələbələrin təhsildən uzaqlaşmasının qarşısını alır. Bu, həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən etdiyi “bilik əsaslı iqtisadiyyatın formalaşdırılması” məqsədinə xidmət edir. Elm və Təhsil Nazirliyinin rəhbərliyi bu sahədə şəffaf mexanizmlərin tətbiqi, elektron müraciət sisteminin sadələşdirilməsi və kreditlərin əhatə dairəsinin genişləndirilməsi ilə təhsil siyasətində sosial ədalətin təmininə nümunəvi yanaşma nümayiş etdirib. Bununla belə, mənfi tərəflər və təkmilləşdirilməli sahələr də mövcuddur. Bəzi hallarda kredit alan tələbələrin kredit qaytarılma mexanizmləri ilə bağlı məlumatlılığı zəifdir, universitetlərdə maliyyə savadlılığı tədrisi hələ sistemli şəkildə aparılmır. Gələcəkdə bu istiqamətdə maarifləndirmə proqramlarının həyata keçirilməsi, həmçinin kredit mexanizmlərinin magistratura və doktorantura səviyyələrinə də şamil edilməsi məqsədəuyğundur. Bundan başqa, Təhsil Tələbə Krediti Fondunun resurs bazasının davamlılığı üçün dövlətlə yanaşı özəl sektorun da bu prosesə investisiya yönəltməsi stimullaşdırılmalıdır. Dünya təcrübəsinə uyğun olaraq, belə kredit mexanizmlərinin səmərəli işləməsi üçün məzunların məşğulluq göstəriciləri ilə inteqrasiya vacibdir. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlığı gücləndirməsi gələcəkdə kreditin səmərəliliyini daha da artıracaq. Hesab edirəm ki, tələbə kreditlərinin məbləğində artım dövlətin sosial yönümlü təhsil siyasətinin ardıcıl davamıdır və bu, təhsilin maliyyələşdirilməsində daha ədalətli və inklüziv sistemin formalaşdığını göstərir. Elm və Təhsil Nazirliyinin bu sahədə apardığı işlər — şəffaflıq, rəqəmsallaşma və bərabər imkanların yaradılması — təhsil siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdiyini təsdiqləyir. Gələcəkdə bu sistemin beynəlxalq standartlara inteqrasiya olunması, tələbələrin kreditdən təkcə təhsil deyil, həm də peşəkar inkişaf məqsədilə istifadə edə bilməsi Azərbaycan təhsilinin dayanıqlılıq modelinə çevrilməsinə gətirib çıxaracaq”.

Günel CƏLİLOVA

Seçilən
52
baki-xeber.com

1Mənbələr