Tovuzda 10 yaşlı uşaq quduzluqdan dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Xatınlı kənd sakini 10 yaşlı Orxan Mustafazadənin səhhətində baş verən dəyişkənliklər səbəbindən, ailəsi onu əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə və sonradan da Bakıdakı xəstəxanalardan birinə gətiriblər.
Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq uşaq ötən gün müalicə aldığı xəstəxanada ölüb.
TƏBİB-dən bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlı 4 gün əvvəl Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib. Ona ilkin tibbi xidmət göstərilib, hiperqlikemiya və proteinuriya diaqnozları təyin olunub: “Eyni zamanda, azyaşlıda halsızlıq, qorxu hissi və halüsinasiya halları müşahidə olunub. Ona stasionar müalicə tövsiyə edilsə də, valideynləri bundan imtina edərək pasiyenti Bakıya gətiriblər. Valideynlər azyaşlının anamnezində it dişləmə faktını qeyd etməyiblər. Bir gün sonra uşaq Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq diaqnozu təyin olunub və o, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Reanimasiya tədbirlərinə baxmayaraq, dünən pasiyentin ölüm faktı qeydə alınıb. Ailə üzvləri meyitin tibbi-patoloji yarılmaya göndərilməsindən imtina ediblər”.
Əməkdaşlarımız mərhumun yas mərasimində olublar. Azyaşlının it dişləməsi iddialarını ailəsi təsdiq etməyib. Çəkilişə və müsahibəyə icazə verməyən ailə üzvləri və qohumları onun ölüm səbəbi ilə bağlı dəqiq heç bir fakt deməyiblər.
Məktəb rəhəbərliyi isə bildirib ki, o, yaxşı təhsili və tərbiyəsi ilə fərqlənən şagirdlərdən olub. Davamiyyəti də həmişə yerində olub.
Azyaşlınını meyiti Xatınlı kənd qəbiristanlığında dəfn edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.