AZ

Bu gün TDT geniş iqtisadi potensialı ilə dünyanın diqqətini çəkir

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının oktyabrın 7-də Qəbələdə keçirilən XII Zirvə Görüşü Türk dünyasının siyasi qüdrətini, iqtisadi gücünü və qlobal aktor kimi sarsılmaz potensialını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin bu ali tədbirdə bəyan etdiyi kimi, ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə malik Türk dünyasının böyük əməkdaşlıq platforması olan TDT regional və qlobal statuslu təsisat kimi mövqeyini artırır. Dövlətimizin başçısı sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu vurğulayaraq təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində adıçəkilən amillərin əsas məqsəd və vəzifələr sırasında yer aldığına diqqət çəkdi. Bu xatırlatma isə təsadüfi deyildi. Dünyanın üzləşdiyi indiki müharibələr və münaqişələr fonunda sülh və sabitlik  ön plana çıxır. Ötən il Şuşada TDT –nin qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin əsas ana prinsiplərindən biri də sülh və təhlükəsizliklə bağlıdır.

Bəs bü gün TDT-nin iqtisadi potensialı, geosiyasi gücü hansı səviyyədədir? Əvvəla xatırladaq ki, TDT 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə təsis edilib. İlk vaxtlar təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub. 2021-ci ildən isə qurum Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. Qurumun əsas məqsədi türkdilli dövlətlər arasında əməkdaşlığı gücləndirmək, regional sabitlik və inkişaf üçün ortaq platforma yaratmaqdır. Təşkilatın üzv ölkələrin  ümumilikdə 170 milyondan artıq əhalini, 4,5 milyon kvadratkilometr ərazisi var.

TDT həm də iqtisadi potensialı yüksək olan dost və qardaş ölkələrin birliyidir. Bu dövlətlər 2,1 trilyon ABŞ dolları həcmində ÜDM-i sahibdirlər. Eyni zamanda,  zəngin təbii ehtiyatlara malikdirlər.

Təşkilata üzv dövlətlərin iqtisadi inkişafı davamlıdır. Belə ki, 2024-cü ildə türk dövlətləri 2,11 trilyon ABŞ dolları ÜDM ilə qlobal iqtisadiyyatda 1,8%-lik paya sahib olub. Əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8%-ni təşkil edib. Bu göstəricilər türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan beynəlxalq arenada mühüm yer tutduğunu göstərir. Hesabat dövründə Türk dövlətləri  5,2% ÜDM artımı ilə diqqət çəkib. Xüsusilə iqtisadi artım Qırğızıstanda 9%, Türkmənistanda 6,3%, Şimali KiprTürk Respublikasına da 7,3% təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1%, 4,8% və 6,5% artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2% iqtisadi böyüməyə nail olub.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün də əhəmiyyət daşıyır. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon ABŞ dolları təşkil edib ki, bu da 33 trilyon ABŞ dolları həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,5%-nə bərabərdir. TDT 2025-ci ilə qədər üzv dövlətlər arasındakı ticarət dövriyyəsini ikiqat artırmağı və 100 milyard ABŞ dolları hədəfinə çatdırmağı qarşısına məqsəd qoyub.

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 4 milyard 737 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 226,3 milyon dollar və ya 5 faiz artım deməkdir. Ümumilikdə isə hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7 faizinə bərabər olub.

Son illər TDT-yə üzv ölkələr nəqliyyat, investisiya, enerji və sənaye kimi mühüm sahələrdə fəal əməkdaşlıq edirlər. Eyni zamanda, ötən müddətdə TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində bir sıra layihələr reallaşdırılıb. Xüsusilə Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirən əsas amillərdən biri strateji nəqliyyat layihələridir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr sayəsində təşkilata üzv ölkələr Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu marşrutlar Çindən Avropaya yükdaşımaların müddətini 35 gündən 12-15 günə endirir və TDT ölkələrinə illik milyardlarla dollarlıq tranzit gəliri vəd edir.

Bununla yanaşı, enerji sektoru da TDT-nin iqtisadi potensialında mühüm yer tutur. Azərbaycan, Qazaxıstan və Türkmənistanın zəngin neft və qaz ehtiyatları Türkiyənin enerji logistikası imkanları ilə birləşərək regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. TANAP, TAP və Bakı–Tbilisi–Ceyhan kimi kəmərlər vasitəsilə türk dövlətləri Avropa bazarlarına enerji ixracatını artırmaqla yanaşı, öz mövqelərini də gücləndirirlər.

Elçin Zaman, «İki sahil»

Seçilən
64
ikisahil.az

1Mənbələr