Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan mediasında deputatlarla müsahibələr adətən qanunvericilik təşəbbüsləri, siyasi proseslər və parlamentin gündəmi ilə məhdudlaşır. Halbuki deputat həm də seçildiyi bölgənin həyatına, insanlarına, onların problemlərinə ən yaxından şahid olan şəxsdir.Modern.az-ın “Region deputatın gözü ilə” layihəsi siyasətdən bir qədər kənara çıxır və oxucunu bölgələrin daxili dünyasına aparır. Layihənin budəfəki qonağı 81 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayevdir.
- Razi müəllim, niyə məhz İmişlidən deputat olmaq qərarı verdiniz?- İmişlidə doğulub böyümüşəm. Oradakı insanları, həyat tərzini, düşüncəni çox yaxşı tanıyıram - qohumlarım, sinif yoldaşlarım, tanışlarım oradadırlar. Elə buna görə də İmişlini seçdim və bu qərarımdan heç vaxt peşman olmamışam. Mən deməzdim ki, İmişli asan rayondur. Aran bölgəsinə aid olduğu üçün insanların düşüncə tərzi və münasibət forması fərqlidir. Deputat seçildiyim ilk vaxtlar mənim üçün çətin idi. Hətta bir ara düşündüm ki, başqa rayondan seçilsəydim, bəlkə daha rahat olardı. Sonradan gördüm ki, hər rayonda problem var, sadəcə, bu problemləri ifadə etmə tərzi fərqlidir. Bəziləri açıq deyir, bəziləri susur. Sonda qərara gəldim ki, İmişlidə işləmək daha doğrudur, çünki mən özümü bu insanların bir parçası hesab edirəm. Mən də onlardan biriyəm.
- Hər bölgənin insanları fərqli xarakterlərə sahib olurlar. Bu mənada imişliləri necə xarakterizə edərdiniz?
- İmişli camaatı saf, amma bir az da israrlıdır. Həm də çox çalışqandılar, tikintiyə meyillidirlər. İmişlidə istənilən insanın evinin qabağında qum-sement var. Baxırsan, gözəl evi var, amma bir az pulu olan kimi həyətində başqa ev tikdirməyə can atır. Onların pulları ən çox qum, daş, sementə gedir. İcra hakimiyyətindən də bəzən deyilir ki, rayonun mərkəzini təmir edirlər, təzə yollar çəkirlər, sakinlərsə qum-daş töküb yolu pis vəziyyətə qoyurlar. Rayonda bir müddət təhsilin səviyyəsi çox zəif idi, amma son vaxtlar bu sahəyə maraq artıb. Mən hər il İmişlidə 600-dən çox bal toplayan abituriyentlərlə görüşürəm. İmişlilər tarixən də heyvandarlıq, əkinçiliklə məşğul olublar. Mənim üçün onlarla işləmək elə də çətin deyil, amma təbii ki, çətinlik, problem yaradanlar da çoxdur. Ümumilikdə onlardan narazı deyiləm.
İmişlilərin müraciətlərinə görə, müxtəlif dövlət orqanları, məmurlarla mübahisələr edir, onlara görə danlanır, əzablar yaşayır, streslər keçirirəm.
- Razi Nurullayev İmişli üçün nə edib? Onlar deputatdan razıdırmı?- Hansı imişlili mənimlə görüşmək istəyirsə, buna asanlıqla nail olur. Mən onlar üçün əlçatmaz deyiləm. Gördüyüm işlər İmişlinin tarixinə yazılıb və həmişə də qalacaq. Məsələn, İmişli futbolu güclü inkişaf etdi. İmişlinin futbolu da, stadionu da, ruhu da məhv olmuşdu. Mən AFFA-dan xahiş etdim və İmişliyə futbolu əlimlə götürüb yenidən verdim. Hər kəs də bilir ki, İmişliyə futbolu rayonun deputatı qaytarıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə danışdım və uzun müddətdən sonra İmişlidə bərbad vəziyyətdə olan peşə məktəbi təmir edildi, indi orada yeni ixtisaslar açılır. Bu yaxınlarda həmin binanın açılışı da baş tutacaq. Azərbaycanın ən gözəl peşə məktəblərindən biri məhz İmişlidə olacaq. Məktəb dövlətin Elm və Təhsil Nazirliyinə ayırdığı pulla tikildi, amma deputatın mübarizəsi hesabına. Mən bu mübarizədə tək idim. İmişlidə əlil arabasına ehtiyacı olan 350-dən çox şəxsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə əlil arabası ilə təmin etmişəm. Bir neçəsini özüm əlil arabasında həyətə çıxarmışam, uzun müddət sonra Günəşi görüblər. Mən özüm həmişə bu kimi məsələləri gündəmə gətirirəm, şəklini çəkib paylaşıram, aidiyyatı qurumlarla danışıram. Bütün bunların hamısını el-oba də görür. İmişlinin 200 km-ə qədər yolunu xahiş edərək düzəltdirmişəm. İmişlinin ən ağır xəstələri Bakıya gəlibsə, mən onların başının üstündə durmuşam, bir neçəsinin ağır əməliyyatlarını dövlət hesabına etdirmişəm və ya kimlərdənsə xahiş etmişəm pul veriblər və onları həyata qaytarmışıq. Mən yenə də aidiyyatı qurumlara təşəkkür edirəm, çünki bu, onların xəttilə baş tutub. Amma deputat mübarizə aparmasa, qapıları kəsdirməsə, bunlar mümkün deyil. Məktub göndərib gözləməklə nəsə alınmır. İmişlidə 20-30 ildir əllillik statusu ala bilməyən şəxslər var idi. 700 nəfərdən çox insanın əlliliyini və ya pensiyasını bərpa etdirə bilmişik. Şəxsən bunların bir-bir arxasınca getmişəm.
İmişlinin tikinti maqnantları, kəndliləri, musiqiçiləri, SSRİ bayrağı asan ağsaqqalı, hər kəsə söz atan yazıçısı...
- Təmsil etdiyiniz rayon hansı tarixi, mədəniyyət nümunəsi və kimlərə görə tanınır?
- İndi İmişli deyəndə düşünürlər ki, Bakının yarısını İmişlinin iş adamları tikiblər. Eyni zamanda, İmişli pambıqçılıq üzrə tanınır. Heyvandarlığı da yaxşıdır. İmişlidən həm də gözəl musiqiçilər - Niyaməddin Musayev, Simarə İmanova, Elxan Şirinov kimi sənətçilər çıxıb. Bundan başqa, İmişlinin çoxlu hüquqşünası olub. Məncə, SSRİ dövründə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunlarının 20-30 faizi İmişlinin Sarıxanlı kəndinin sakinləri olurdu. Bu gün bir çox rayonun polis rəisi, məhkəmə sədri imişlilərdir. Bu gün İmişlidən çoxlu vəzifəli şəxslər də var. Sonradan məşhurlaşanlar da var.Saleh Səmədov İmişlidə Ağsaqqallar Şurasının sədri, böyük iş adamı idi. Hər kəsin səhvi olur, SSRİ bayrağı qaldırmaq da onun yanlışı idi. Ümid edirəm qapısı açılar. İmişlinin məşhur sosial media fenomenlərindən biri də Kəramət Böyükçöldür. İstedadlı insandır. Belə olmasaydı onun statuslarına minlərlə şərh yazmazdılar. Mən kitab sərgisində də onu gördüm. Kitablarını aldım. O, kimlərəsə sataşır, tənqid edir, bostanına daş atır, amma hər halda bir çox məsələləri düzgün ifadə edir. Bu adam dövlətinə qarşı çıxmır. İstedadlı adamlar da qəribə olur: bir gün yaxşı, bir gün pis.Azərbaycanda ən cəsarətli siyasətçilərdən biri də mənəm. Doğru bildiyimi edirəm, deyirəm. Belə olmuşam, belə də qalacağam. Kəramət məni tənqid edə bilər, amma dərinə getməz. Kəraməti də axırıncı dəfə nə vaxt görmüşəm yadımda deyil. Açığı indiyə qədər ona kömək də etməmişəm, imkanlarım geniş olsaydı, edərdim. Özü də heç vaxt məndən nəsə xahiş etməyib.
- Bəs siz imkanlı, vəzifəli, tikinti maqnantı olan imişlilərdən nəsə xahiş etmisiniz?- Bakıdakı varlı imişlilərdən də elə çox şey xahiş etmirəm. Birinci deputatlığım müddətində - pandemiya dövründə nələrsə demişdim, gücləri çatanı etmişdilər. İndi bilirəm ki, nəsə desəm etməyəcəklər. Çünki hər kəs nəyisə limitli şəkildə edir. Amma mən düşünürəm ki, İmişlinin deputatı başqa yerdən olsaydı, həmin şəxslər onun başına pərvanə kimi fıırlanardılar. İmişlinin deputatı elə həmin bölgədəndir deyə, qədirbilməzdilər.
- Əksər bölgələrdə rayonun icra başçısı ilə deputatlar arasında gizli düşmənçilik hökm sürür. Sizin münasibətləriniz nə yerdədir?
- İcra başçıları ilə deputatların münasibətinin pis olması Azərbaycanda artıq ənənəyə çevrilib. Mən öz işlərimlə məşğulam. Nə edirəmsə, imişlilər üçün edirəm.
- İmişlinin təhsil səviyyəsinə görə müəyyən zamanlarda geri qaldığını vurğuladınız. Hazırda vəziyyət necədir?
- İmişlinin bəzi adət-ənənələri məni təəssüfləndirir. Rayonda hamı bir-birinin bəhsinə böyük yas mərasimi keçirirdi. Nəhayət bir ay bundan qabaq yas mərasimlərində yemək verməkdən imtina olundu. Bu mənim ən böyük istəklərimdən biri idi. İmişlidə daha çox təhsilə fikir verilməlidir. Rayonumuz bu sahədə çox da öncül sıralarda deyildi. Əkinçilik, heyvandarlıq insanlara övladlarını təhsildən yayındırırmağa səbəb verirdi. Bəzi adamlar var ki, uşağını qoyun-quzuya baxsın deyə, məktəbə qoymur. Hətta qız uşaqlarının məktəbə buraxılmamasına mən özüm də şahid olurdum. Mənim qız sinif yoldaşlarım 6-7-ci sinifdən sonra məktəbə buraxılmırdı. Hazırda bu sahədə ciddi nəzarət mexanizmi var deyə, kütləvi hal almır. Bu gün İmişlidə qız uşaqları oğlanlardan daha yaxşı oxuyur, daha yüksək ballarla universitetə qəbul olunurlar.
- Hər bölgə xüsusi adət-ənənləri ilə də fərqlənir. Bu baxımdan siz İmişlidə hansı adət-ənənələrin olmasını istəməzdiniz?
- Mən namaz qılmasam da, namaz qılanlar qədər, bəlkə də daha çox dua edir, dini ədəbiyyat oxuyuram. Amma bu barədə çox danışmağı sevmirəm. Çünki təəssüf ki, bir çox din adamları əməl sahibi deyil. Cahillik isə hər zaman daha çox olub.
Bir vaxtlar dinə meyillilik İmişlidə radikal istiqamət almışdı. Rayon camaatı İran qaydaları üzrə təlimlər alır, həmin istiqamətdə yönləndirilirdi. Amma son 1-2 ildə vəziyyət xeyli dəyişib. İnsanlar daha çox dini biliklərlə deyil, formallıqla maraqlanır. Kimsə rəhmətə gedəndə, mollalar həmin şəxs haqqında danışmır, onun kimliyini xatırlatmır. Yas məclisləri çox vaxt mərhumun ruhuna deyil, onun ailəsinə, statusuna, vəzifəsinə görə keçirilir. Hətta elə hallar olur ki, məclisə gələn adamdan soruşsan ki, rəhmətə gedən kişi idi, ya qadın, cavab verə bilmir. Çünki insanlar bəzən görünmək üçün yaslara qatılırlar.
Mollalar yaslarda mərhumun həyatı, davranışı, yaxşı əməlləri barədə danışsalar, bu, həm insanlara təsir edər, həm də cəmiyyətdə mərhəmət və xatırlanma mədəniyyətini gücləndirər. Məsələn, rəhmətə gedənin sosial vəziyyəti pis olubsa, insanlar daha çox yardım edər, yaxşı insan olubsa, onu xatırlayar. Amma indi bu ruh itməkdədir.
- Bayaq haqqında danışdığınız imişlili tikinti maqnatlarının çoxu hacıdır. Siz buna necə baxırsınız?
- Hacılıq prinsipi mənim üçün status deyil. Son dövrlərdə “hacı” anlayışı təəssüf ki, mənfi məna kəsb etməyə başlayıb. Kimsə Həcc ziyarətinə gedir, bu, İslamın vacib göstərişidir. Amma bu, heç kimə üstünlük vermir. Hacılar arasında da sonradan yaxşı əməl etməyənlər az deyil. Hacılıq, namaz, ibadət - bunlar insanla Allah arasında olan məsələlərdir. Kiminsə din adı ilə başqasına təzyiq göstərməsi doğru deyil. İnsanlar dinə elm kimi yanaşmalıdırlar.
İmişlidə dini xurafatçılıq uzun illərdir formalaşıb, əsasən yas məclisləri və məscidlər vasitəsilə yayılıb, insanların düşüncəsinə təsir edib. Amma bu tendensiyanın 60-70 faizi artıq aradan qalxıb. İndi İmişlidə dini baxımdan bir durulaşma prosesi gedir.
- İmişlidə narkotikadan kütləvi istifadə problemi varmı? Uzun müddət rayonun adı bu sahədə ilk yerlərdə çəkilirdi. İnsanlar yaxınlarının bu səbəbdən həbsə girdiyinə görə sizə müraciət edirmi?
- İmişlidə narkotiklərlə bağlı problem mövcuddur, lakin bu sahədə müvafiq orqanlar tərəfindən ciddi tədbirlər görülür. Əslində, narkotikdən ən çox zərər çəkənlər onun istifadəçiləridir. Lakin problemin kökü narkotik alveri ilə məşğul olanlardadır. Əgər narkotacirlər zərərsizləşdirilsə, istifadəçilərin də zərərli maddələrə çıxış imkanı qalmayacaq. Mən bu istiqamətdə hüquq-mühafizə orqanlarının gördüyü işləri yüksək qiymətləndirirəm və narazı qalacağım bir məqam yoxdur.
Ancaq bu da faktdır ki, polis var deyə narkoman və ya narkotacir tamamilə yox olmayacaq. Nəticədə polis də insandır, bəzi hallarda isə vəzifəli şəxslər arasında belə bu işə kömək edənlər tapıla bilər. Mən dəfələrlə parlamentdə təklif etmişəm ki, dövlət və büdcə təşkilatlarında çalışan şəxslər arasında mütəmadi analizlər aparılsın. Bu məlumatlar ictimaiyyətə açıqlanmasa da, həmin şəxslər aşkarlandıqda müalicəyə yönləndirilməlidirlər. Çünki narkotacirlər bəzən dövlət qurumlarında çalışanları ələ almağa çalışırlar.
Daxili İşlər Nazirliyinə bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edirəm. Amma hesab edirəm ki, bu məsələdə yalnız hüquq-mühafizə orqanları deyil, cəmiyyətin özü də birləşməlidir.
Digər mühüm məsələ sosial tərəfdir. İnsanların məşğulluğu və asudə vaxtlarını səmərəli keçirməsi üçün imkanlar az olduqda, bir çoxu yanlış yollara düşür və oradan çıxmaqda çətinlik çəkir. Əksər rayonlarda insanlar üçün əyləncə, istirahət və mədəni fəaliyyət imkanları çox məhduddur. Məsələn, İmişlidə bir neçə il əvvələ qədər qadınlar restoranlara gedə bilmirdilər, onları ora buraxmırdılar. Qadınların getməsi üçün uyğun, təhlükəsiz və rahat məkanlar olmadığından, onlar da belə yerlərə maraq göstərmirdilər.
"Qız uşaqlarını həddi-buluğa çatmadan evləndirən valideynləri qınayır və lənətləyirəm"- Mənfi mənada İmişlini tanıdan problemlərdən biri də erkən nikah, qızların məktəbdən yayındırılması məsələsidir. Bu tendensiya yenə də davam edirmi?
- Erkən nikahla bağlı İmişlinin adı bir neçə dəfə hallandı. Bunun səbəbi cahillik və möhfümatçılıq, dədə-baba adət-ənənlərindən irəli gəlir. Mən qız uşaqlarını həddi-buluğa çatmadan evləndirən valideynləri qınayır və lənətləyirəm. İyulun 1-dən müvafiq qanun qüvvəyə mindikdən sonra İmişlidə bu kimi halların azalacağına inanıram. Bir qız uşağı belə təhsilsiz qalmamlıdır. Lap məcbur etmək lazımdır. Təhsil almasa, cəzalanmalıdır. - Rayonda həkim çatışmazlığı da əsas problemlərdəndir..
- Hələ 2020-ci ildən bildirirəm ki, İmişlinin 189 həkimə ehtiyacı var. Hazırda bu rəqəm 105-dir. Məsələ burasındadır ki, həkimlərin gedib İmişlidə işləməsi üçün dövlət səviyyəsində onlara daha çox bonus təklif olunmalıdır. Hətta 1000 manatlıq bonus belə onlara kifayət deyil. Rayonda işləyən həkimlərə ev də verilə bilər, kirayə pulu da ödənilə bilər.
- Plenar iclaslarda dəfələrlə İmişlinin istilik probleminə diqqət çəkmisiniz. Buna görə qınanılmısınız da. Hazırda bu istiqamətdə işlər necədir?
- İmişlinin 9 kəndi qazsız idi. Onun 4 kəndinə qazın çəkilməsi təmin olundu. Kəndlərin qazlaşdırılması "Azəriqaz" və SOCAR-ın daxili imkanları hesabına və mənim israr və mübarizəm nəticəsində baş tutdu. İmişlinin daha bir kəndinin - Qulubəylinin də gələn il qazlaşdırılması üçün siyahıya salınıb. Digər 4 kəndlə bağlı isə əsaslı dövlət investiyası sərmayəsi lazımdır. Qərar qəbul olunub, amma nə vaxt çəkiləcək, bununla bağlı dəqiq tarix demək olmur.
"İmişlidə 1500 nəfəri işə düzəltdim, amma bütün qohumlarım işsiz qaldı"- İmişlidə yaşayan qohumlarınız varmı, onlar nə işlə məşğul olurlar?
- Mən müvafiq dövlət qurumlarına müraciət edib İmişlidə 1500 nəfərdən çox insanın işlə təmin olunmasına kömək etmişəm. Amma mənim bacım, qardaşım və onların övladları İmişlidə yaşasalar da, heç biri işlə təmin olunmayıb. İmişlinin Xəlfəli kəndində bir bacım, bir qardaşım və onların uşaqları yaşayır. Ana tərəfdən olan bütün qohumlarım da İmişlinin müxtəlif kəndlərindədirlər. Açığı, artıq öz qohumlarım məndən narazı düşüblər, çünki heç biri işləmir. Mən bütün limitlərimi, tanışlıq imkanlarımı xahişlərə sərf etmişəm, amma öz qohumlarımı işlə təmin edə bilməmişəm. Onların hamısı mə deyirlər ki, "sən deputatsan, amma biz işsizik". Mən də tam məsuliyyətlə deyirəm: bu, doğrudur. Bu gün bacım, qardaşım, onların uşaqları, hətta yeznəm də məni qınayır ki, onlara kömək edə bilməmişəm. Mənim edə biləcəyim yeganə şey maddi dəstək göstərməkdir. Bir neçə dəfə dövlət qurumlarına müraciət etmişəm, amma nəticə hasil olmayıb. Başqası üçün rica edəndə israrla tələb edə bilirəm, amma qohumlarıma gələndə, bunu edə bilmirəm. Yəqin, bundan da sui-istifadə edənlər olub. Nəticədə deputatın bütün qohumları rayonda işsiz qalıb.
Bu gün hansısa dövlət qurumundan "Razi Nurullayevin filan qohumunu işə götürmüşük" deyə bilməzlər. Halbuki dəfələrlə demişəm, xahiş etmişəm. Bəs onlar nə ilə dolanmalıdırlar? Bəzən onların xahişini çatdıranda sadəcə hə, yadımızdadır" deyirlər, məsələ beləcə də qalır.Mənim öz övladlarımın ikisi də işsiz idi, birini təzə işə düzəltmişəm, amma aldığı maaşdan çox yolpulu çıxır. Halbuki yüksək təhsili var, bir neçə dil bilir. Mən inanıram ki, övladlarım gələcəkdə öz yollarını tapacaqlar. Mən övladlarının dövlət hesabına iş tapmasına çalışmamışam, əksinə, onların öz bacarıqları ilə irəliləməsini istəyirəm. Bir iş adamı mənə dedi ki, "qızını göndər, gəsin mənim yanımda işləsin". Qızım ADA Universitetində kompüter elmləri ixtisasını bitirib, onun savadı o iş üçün yararlı idi. Amma düşündüm ki, xarici şirkətlərlə işləsin, öz işini qursun, daha çox qazansın, daha çox yararlansın. Mən heç vaxt dövlət qurumlarından övladlarım üçün iş istəməmişəm.
Bəzən qohumlarım haqsızlıqla üzləşirlər, amma onların haqqını almaq da çətin olur. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz hələ yeni dövlətik, bir çox məsələlər hələ dövlət əxlaqına və idarəçilik ənənəsinə çevrilməlidir. Yeni gələn vəzifəli şəxs əvvəlkinin yaxşı təcrübəsini qoruyub saxlamalıdır. Bəzən düşünürəm ki, biz çox tələsirik, amma armud elə vaxtında yetişir.
- Tez-tez İmişliyə getmək sizi yormur ki?
- Mən gəzməyi sevirəm. Piyada gəzsəm, yorulmaram. Əksinə, maşında yol getmək məni daha çox yorur. İmişliyə gedəndə adətən tələsirəm – çünki görüşlər təyin olunur, vaxtında çatmalıyam. Qayıdanda da yenə tələsib Bakıya gəlirəm, başqa işlərim olur. Əvvəllər bu qədər yorulmurdum, amma insan davamlı gedib-gələndə, həm fiziki, həm də mənəvi yorğunluq yaşayır. Biz təkcə bədəncə yox, ruhən də yoruluruq. Gün ərzində 4-5 dəfə stress keçiririk: bəzən seçici zəng edir, narazılığını bildirir, bir az sonra xəbər gəlir ki, problem həll olunub. Adam gündə dəfələrlə fərqli emosiyalar arasında qalır.
- İmişlinin xüsusilə hansı təamlarını sevirsiniz?
- İmişlidə ən çox kənd toyuğundan hazırlanan çığırtmanı sevirəm. Onu bir dəfə yesən, başqa yemək istəmirsən. Mən ümumiyyətlə, çox yemək yeyən adam deyiləm, amma yeməyə qarşı bir az seçiciyəm. Hər yeməyi yemərəm.
- Səhv etmiriksə, həyat yoldaşınız İmişlidən deyil. Fərqli bölgələrdən olmaq ailə daxilində hansı fərqləri yaradır?
- Azərbaycanda çox vaxt çalışırlar ki, qohum-əqrabadan, eyni kənddən olan adamla ailə qursunlar. Mən bununla heç vaxt razılaşmamışam. Həyat yoldaşım Cəbrayıldandır. Fikrimcə, insanlar müxtəlif regionlarla qohumlaşsalar, fərqli mədəniyyətləri tanısalar, daha yaxşı olar. Düzdür, fərqli bölgələrdən olmaq bəzən müəyyən çətinliklər yaradır, bunu mən də yaşamışam. Amma bir maraqlı deyim var: Haradan evlənmisənsə, oralısan.
"Nazirlik məsələləri bilir, amma həyata keçirməkdə çətinlik çəkir"
- Razi müəllim, son olaraq Aqrar siyasət komitəsinin sədr müavini kimi sizə müraciət etmək istəyirəm. İmişli də kənd təsərrüfatı rayonudur. Sizin İmişli ilə bağlı xahiş, təkliflərinizi komitə yerinə yetirirmi? Razı və narazı qaldığınız məqamlar nələrdir? Komitənin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Aqrar siyasət komitəsində kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirələrdə iştirak edir, qanun layihələrinə münasibət bildirir, təkliflər verirəm. Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə münasibətlərim normaldır, istədiyim vaxt əlaqə saxlaya bilirəm. Onlardan heç vaxt hörmətsizlik görməmişəm. Amma istəyirəm ki, bu münasibətlərin real nəticəsi olsun. Nazirlik mənim dediklərimi bilir, lakin konkret nəticə görünmür.
İmişlidə pambıq əkirlər, amma bitki iki qarışdan artıq böyümür, bəzən sahələrdə məhsul su çatışmazlığından quruyur. Məcnun Məmmədov nazir olanda onunla görüşdüm, o da bu problemlərlə razılaşdı. Kənd təsərrüfatında torpaqların pasportlaşdırılması məsələsi gündəmə gəldi, amma hələ reallaşmayıb. Əgər bir bitki su tələb edirsə, onun quraq ərazidə əkilməsinə icazə verilməməlidir. Yerlər pasportlaşmalıdır ki, hansı ərazidə nə əkiləcəyi əvvəlcədən bəlli olsun. Kəndli məhsulunu sata bilmir, çünki alıcı toplu şəkildə, iri əkin sahələrindən məhsul almaq istəyir. Torpaqlar müəyyən qədər təmərküzləşməlidir. 5 sotda pomidor əkən fermerlə 100 hektarlıq sahəsi olan fermerin imkanları eyni deyil.
Nazirlik bu problemləri bilir, amma həyata keçirməkdə çətinlik çəkir. Çünki vətəndaşla razılaşmaq asan deyil. Dünyada texnoloji tərəqqi sürətlə gedir, amma biz hələ keçid dövründəyik. Burada qanunvericinin də, icra orqanının da məsuliyyəti var.
"Aqrar siyasət komitəsində sədr müavini olsam da, müvafiq qurumların tədbirlərinə dəvət olunmuram"
- Aqrar siyasət komitəsinin sədr müavini olaraq icra orqanları ilə əməkdaşlıq edə bilirsiniz?- Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyindən, Qida Təhlükəsizliyi Agentliyindən və digər qurumlardan heç bir tədbirə dəvət almamışam. Halbuki 1 ildən çoxdur ki, Aqrar siyasət komitəsinin sədr müaviniyəm. Bir çox dövlət orqanlarında sistem hələ tam oturuşmayıb. Yeni kadrlar gəlir, nəsə dəyişmək istəyirlər, amma bəzən bu, ziyana işləyir. Deputat dekorasiya olmamalıdır. Bəzən tədbirə dəvət edirlər, amma protokol düzgün qurulmur. Hətta olub ki, məni çağırıblar, oturacaq belə tapılmayıb, dönüb getmişəm.
Aqrar siyasət komitəsində sədr müavini olsam da, bəzi məsələlərdə detallı şərh verə bilmirəm, çünki müvafiq qurumların iclaslarına dəvət almıram. Hesab edirəm ki, Azərbaycan hələ uzun müddət daxili imkanları hesabına özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilməyəcək.İmişli rayonu Azərbaycanın aran bölgəsində yerləşən, qədim tarixə və zəngin kənd təsərrüfatı ənənələrinə malik ərazidir. Rayonun əsası 1930-cu ildə əvvəlcə Qaradonlu adı ilə qoyulub, sonradan inzibati mərkəzin köçürülməsi ilə İmişli adını alıb. Araz çayı sahilində yerləşən bu torpaqlar su mənbələri və karvan yolları ilə seçilib. 1959-cu ildə istifadəyə verilən Bəhrəmtəpə su qovşağı və ondan başlayan Baş Muğan və Əzizbəyov kanalları bölgənin kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb. Bu gün İmişli həm iqtisadi, həm də sosial baxımdan Muğan düzünün dinamik rayonlarından biri sayılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.