AZ

DİA-nın tələbəsi: Prezident təqaüdü mənim üçün qürur və məsuliyyətdir

Bakı, 9 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən, təqaüdə layiq görülənlərdən biri də Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi Xədicə Rəhimovadır.

Xədicə Rəhimova 2008-ci il mayın 12-də Ağsu rayonunun İlxıçı kəndində anadan olub. O, İlxıçı kənd M. Musayev adına tam orta məktəbdə təhsil alıb. Xədicə qəbul imtahanlarında 691.3 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub. O, AZƏRTAC-a müsahibəsində ali təhsil müəssisəsinə hazırlaşmasından, qarşısına qoyduğu məqsəddən və planlarından danışıb.

Bu uğura nail olmaqda Xədicə həm məktəb müəllimlərinin, həm də repetitorların dəstəyindən istifadə edib. Dövlət İmtahan Mərkəzinin test topluları, sınaq imtahanları onun üçün əsas hazırlıq və özünü yoxlama vasitəsi olub. O deyir ki, buraxılış imtahanlarınadək daha çox riyaziyyat fənni üzərində çalışıb, buraxılışdan sonra isə tarix fənninə xüsusi diqqət yetirib. Məqsədi həmin fənlərdəki çatışmazlıqlarını aradan qaldırmaq və hazırlığını daha da təkmilləşdirmək olub.

Hüquqşünaslıq ixtisasına marağı isə Xədicədə 10-cu sinifdən etibarən formalaşıb. Müsahibimiz bildirir ki, cəmiyyətdə bəzən qızların erkən nikaha cəlb olunması, təhsildən uzaqlaşdırılması, qadınların hüquqlarının pozulması kimi hallarla qarşılaşması onu bu sahəyə yönəldib: “İnsanlara kömək etmək, humanist olmaq istəyim hüququ seçməyimə səbəb oldu. Dinindən, cinsindən, irqindən və seçimlərindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının qorunmasını istəyirəm. Bu məqsədlə hüquq sahəsində dərin biliklərə yiyələnmək niyyətindəyəm”.

Xədicə öz uğurunda ailəsinin və müəllimlərinin böyük rolunu qeyd edərək onlara dərin təşəkkürünü bildirir. Prezident təqaüdünə layiq görülməsi isə onun üçün yalnız maddi deyil, həm də mənəvi motivasiyadır: “Bu təqaüd mənim üçün qürur və məsuliyyətdir. Əmək və əzmkarlığımın bəhrəsini görmək məni daha böyük məqsədlərə doğru ruhlandırır”.

Gələcək planlarından danışarkən Xədicə məhkəmə və prokurorluq orqanlarında təcrübə keçmək arzusunda olduğunu vurğulayır. O, hüquq sistemində təcrübə qazanaraq, gələcəkdə bu sahədə peşəkar fəaliyyət göstərmək istəyir.

Xədicənin fikrincə, uğur qazanmaq istəyən gənclər ilk növbədə özlərinə güvənməlidirlər: “Məqsədyönlü çalışmaq, səhv etməkdən qorxmamaq və hər bir çətinliyi təcrübəyə çevirmək əsasdır. Həyat heç zaman maneəsiz olmur, amma önəmli olan dayanmaq deyil, davam etməkdir”.

Əminik ki, Xədicə Rəhimova gələcəkdə peşəkar hüquqşünas kimi tanınacaq və cəmiyyətin inkişafına töhfə verəcək. Ona bu yolda uğurlar diləyirik.

 

Seçilən
35
azertag.az

1Mənbələr