"2020-ci ildə əldə edilən qələbə Azərbaycan tarixində yalnız ərazi bütövlüyünün bərpası ilə bağlı deyildi, həm də tarixi və mənəvi ədalətin bərpası idi".
Bu sözləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi xalqın tarixi iradəsini göstərməsi və milli oyanışın güclənməsi baxımından əhəmiyyətli rol oynayıb:
“Bu Azərbaycan tarixində milli birliyin ən yüksək məqamlarından biri kimi qalacaq. Gənc nəslin və diasporun həmrəyliyə qoşulması dövlət–xalq birliyinin gücünü nümayiş etdirdi. Qələbə həm də gənc nəsildə milli qürurun, vətənpərvərliyin və məsuliyyət hissinin yüksəlməsinə səbəb oldu. Müharibə zamanı siyasi rəhbərlik, diplomatiya və ordu birgə fəaliyyəti müasir dövlət idarəçiliyi və strateji planlaşdırmanın uğurlu nümunəsinə çevrilib. Qarabağ Zəfəri milli ideologiyanın əsas sütunlarından birinə çevrildi. "Birlik, güc, qələbə" anlayışları təhsil, mədəniyyət və ictimai dəyərlər sistemində yeni istiqamətlər açdı. Bu hadisə artıq tarix dərsliklərində və vətəndaşlıq tərbiyəsində dövlət və xalq birliyinin simvolu kimi tədris olunur.”
QHT sədri vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bir nəsli formalaşdırdı:
“Azad torpaqlarda yaşamaq hüququnu dərk edən, dövlətin gücünü hiss edən və milli məsuliyyəti anlayan bir nəsil yetişdi.”