futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.
“Sabah”ın idman direktoru İqor Ponomaryovun “Futbolpress.az”a müsahibəsi:
– “Sabah”ın bu mövsümdə çıxışını necə qiymətləndirirsiniz? 6 turda 11 xal toplamısınız. Bu nəticələri qənaətbəxş hesab etmək olarmı və bu mövsüm üçün konkret hədəflər nələrdir?
– Mövsüm hələ yeni başlayıb. 7 tur keçib, amma biz rəqiblərimizə nisbətən 1 oyun az keçirmişik. İndidən hansısa qiymətləndirmə aparmaq çox çətindir. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, komandamız bu marafonu ən yaxşı şəkildə keçərək mövsümün sonunda ən yaxşı yerlərdən birini tutacaq. Komandanın sərgilədiyi oyun buna inam verir.
– Bu mövsüm “Sabah”ın xeyrinə hakim qərarları çox müzakirə olunurdu. Amma “Sumqayıt”la oyunda komandanızın əleyhinə qərarlar verildi və baş məşqçi Dambrauskas hakimləri günahlandırdı. Ümumilikdə, Premyer Liqada hakimliyin səviyyəsi sizi qane edirmi?
– Əgər bizim xeyrimizə deyəndə ədalətli hakim idarəçiliyi nəzərdə tutulursa bununla bağlı nəsə deyə bilmərəm. Çünki bu mövsüm xeyrimizə hansısa haqsız qərarın şahidi olmamışam. Hakimliklə bağlı müzakirələr futbolun bir parçasıdır. O ki qaldı “Sumqayıt”la oyuna, fikrimcə, baş məşqçimizin etirazları başadüşülən və məntiqli idi. Bəzən oxşar epizodlarda fərqli qərarlar haqlı suallar doğurur. 1-2 oyuna görə ümumi səviyyəni müzakirə etmək istəməzdim. Sadəcə, inanmaq istəyirəm ki, bundan sonra hakimlikdən daha çox, meydanda sərgilənən futbol müzakirə ediləcək.
– Son illərdə tez-tez məşqçi dəyişikliyi baş verir. Dambrauskasa daha uzun müddət işləmək şansı veriləcəkmi?
– Düzü, Berezutski ilə yolların ayrılmasına səbəb onun özünün müraciəti idi. Bildiyiniz kimi, Vasili özü getməklə bağlı müraciət etmişdi. Ailəsi ilə bağlı məsələ idi. Biz də onu anlayışla qarşıladıq. Valdas Dambrauskas cəmi 3 aydır komandadadır. Lakin buna baxmayaraq, komanda onun rəhbərliyi altında artıq öz oyununu tapmaqdadır. Dambrauskas yaxşı nəticələri olan, kifayət qədər təcrübəli mütəxəssisdir. İnanıram ki, komanda onun rəhbərliyi altında uğurlu nəticələr qazanacaq.
– Yayda komandaya dəvət olunan futbolçuların çıxışı barədə nə deyə bilərsiniz?
– Məncə, yeni qoşulan futbolçular komandanı bir az da gücləndiriblər. Kimisə xüsusi fərqləndirmək istəməzdim. Yeni, səviyyəli futbolçuların transferi komanda daxilində rəqabətin artmasına səbəb olur ki, bu da meydandakı oyuna da öz müsbət təsirini göstərir.
– Ayxan Abbasovun millinin baş məşqçisi təyin olunması və komandanın Fransa və Ukrayna ilə oyunları barədə nə düşünürsünüz?
– Ayxan Abbasov gənc və perspektivli məşqçidir, ona uğurlar arzu edirəm. İnanıram ki, millidə müsbət nəticələr qazanacaq. Hər birimiz bunu arzu edirik. O ki qaldı Fransa və Ukrayna ilə oyunlara, məncə, bu komandalar barədə xüsusi nə isə deməyə ehtiyac yoxdur. Hər iki komanda ilə səfərdə oynayacağıq. Çətin oyunlar olacaq. Milli komandamız Ukrayna ilə Bakıdakı matçda kifayət qədər yaxşı oyun sərgilədi və haqq etdiyi xalı qazandı. İnanıram ki, bu oyunlarda millimiz özünü ən yaxşı tərəfdən göstərə biləcək.
– Yayda Abbasovun adı “Sabah”la da hallanırdı. Həqiqətənmi belə bir məsələ gündəmdə idi?
Baş məşqçi axtarışları olanda bir çox məşqçinin namizədliyi nəzərdən keçirilir. Amma həmin vaxt siyahıda sırf hansı məşqçilərin olması ilə bağlı nə isə deyə bilmərəm.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.