Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova  7 ildən sonra yenidən ölkəmizdə çıxış edəcək. Təcrübəli voleybolçumuz Yükək Liqada debüt edəcək Tovuzun "Turan" klubunda forma geyinəcək. Yeni klubunun da kapitanı olan Abduləzimova bizimlə söhbətində vətənə qayıtmağı, növbəti mövsüm və 2026-cı il Avropa çempionatının püşkatmasından danışıb. Kapitanın "Rekord.az"a müsahibəsini təqdim edirik: 


- İlk olaraq yeni klubda çıxış etməyin münasibətilə səni təbrik edirik və uğurlar arzulayırıq.
- Çox sağ olun.

- Uzun illər sonra yenidən doğma vətəndə çıxış edəcəksən. Nə hisslər keçirirsən?
- Altı ildən sonra yenidən Azərbaycanda oynayacağam. Açığı, fərqli hisslər yaşayıram. Həm çox sevinirəm ki, vətəndə çıxış edəcəm, həm də həyəcanlıyam. Öz evimdəyəm, ailəm, yaxınlarım, dostlarım yanımda olacaq. Uzun müddət ölkədən kənarda olmaq həqiqətən çətindir. Çünki xarici ölkədə tək olursan, nə qədər dostların, komanda yoldaşların olsa da insanın öz evi, ailəsi, vətəndəki dostları ayrıdı. Düzdür, Macarıstanda olduğum müddətdə yalnız xoş rəftar gördüm, ora mənə ikinci vətən kimidir. İlk vaxtlar çətin olsa da sonradan öyrəşirsən və komanda yoldaşlarım, məşqçilər heyəti çox kömək olurdular mənə. Amma yenə də vətən vətəndir. Və mən yenidən ölkəmizdə çıxış edəcəyim üçün çox şadam, eyni zamanda, çox həyacanlıyam.

- Altı il Macarıstanda çıxış etdin. Bu müddətdə kifayət qədər yaxşı təsir bağışladın, komanda ilə və fərdi şəkildi saysız-hesabsız mükafatlar qazandın. Avrokuboklarda dəfələrlə fərqləndin. Belə möhtəşəm çıxışdan sonra növbəti mövsüm üçün hədəflərin nədir?
- Bəli, bu illərdə çox mükafatlar qazandım. Ümumiyyətlə, xaricdə çıxış etmək daha məsuliyyətli olur. Həm komandanın uğuru üçün çalışırsan, həm də öz uğurun üçün. Çünki mən orada həm də ölkəmizi, bayrağımızı təmsil edirdim və Azərbaycanın adı üçün daha yaxşı çıxış etməliydim. Şükürlər olsun ki, bunu bacardım. Harada olmağımdan asılı olmayaraq, mən hər zaman öz üzərimdə çox çalışıram, məqsədim istər fiziki, istərsə də taktiki olaraq olduğum səviyyəsimi daha da artırmaqdır. Bu, növbəti mövsümdə də belə olacaq, ondan sonra da, istər klubda, istərsə də millidi, hər zaman belə olacaq. Əlbəttə, hədəfim, istəyim komandamla çempion olmaq və öz adımdan desək ən yaxşı şəkildə çıxış etməkdir.

- Tovuzun “Turan” komandası çempionatımızda debüt edəcək. Yeni mövsümlə bağlı danışmaq bir qədər tez olsa da qarşıya qoyulan məqsədlərdən danışardın. Ümumiyyətlə, klubun kapitanı kimi ilkin dəyərləndirmən necədir?
- Düzdür, indidən nəsə demək tezdir. Lakin deyə bilərəm ki, əsas məqsədimiz qələbədir. Debüt ilində çempion olub avrokuboka getməkdir. Bunun üçün bütün oyunçular olaraq, məşqçilər heyəti olaraq hamımız ən yüksək səviyyədə çalışacağıq. Mən də bir kapitan kimi komandanın yaxşı çıxış etməsi üçün əlimdən gələni edəcəyəm.

- Bilirik ki, bir neçə xarici klubla da danışıqlar gedirdi. Niyə məhz “Turan”ı seçdin?
- Bəli, bir neçə ölkədə çıxış etmək variantı da vardı. Açığı çox düşündüm, elə ona görə də qərarımı gec verdim. Demək olar müqavilədən bir neçə gün əvvəl qərar verdim ki, Azərbaycanda oynayacağam. Burada da bir neçə təklif vardı və “Turan”la razılığa gəldik. Çünki illər keçir və artıq insan öz vətənində oynamaq istəyir. Mən Macarıstanda ildən ilə daha da yaxşı çıxış etməyə çalışdım. Artıq bunu bacardıqdan sonra legioner kimi çıxışımı ən yüksək səviyyədə dayandırmaq istədim. Ona görə də hər il öz klublarımızdan təkliflər olmasına baxmayaraq, məhz bu il bu təklifləri dəyərləndirmək istədim. Həm də dediyim kimi, ailəm üçün, ölkəmiz üçün çox darıxmışdım, xaricdə olmaq ildən ilə daha da çətinləşirdi. Bu səbəblərə görə burada oynamaq qərarına gəldim.

- Bir qədər Azərbaycan çempionatından danışaq. Sən sonuncu dəfə burada çıxış etdiyin liqa ilə hazırkı liqa arasında fərqlər var. Bu barədə nə deyə bilərsən?
- Mən sonuncu dəfə Azərbaycanda 2017-2018-ci illərdə oynamışam, bundan sonra Macarıstana və Türkiyəyə getdim. Yenidən Macarıstana qayıtdım. Bu illərdə bir çox hadisələr, dəyişikliklər oldu, həm dünyada, həm də ölkəmizdə. Təəssüf ki, voleybolumuz da ciddi geriləmə yaşadı. Bununla belə, son bir neçə ildə artıq səviyyə artır, bunun üçün federasiya tərəfindən, mütəxəssislərimiz tərəfindən çox işlər görülür. Ötən mövsüm kifayət qədər maraqlı və gərgin keçdi. Növbəti mövsüm isə daha da maraqlı və gərgin olacaq. İnanıram ki, ölkə voleybolu inkişaf etməyə davam edəcək və əvvəlki nüfuzuna geri qayıdacaq. Ən əsası klublarımız yenidən avrokuboklarda çıxış edib yaxşı nəticələr, medallar qazanacaqlar.

- Gələn il Azərbaycanın da ev sahibliyi edəcəyi Avropa çempionatının püşkatma mərasimi keçirildi. Ölkəmizin tədbirdəki təmsilçisi kimi sən də qrupların püşkatmasında birbaşa iştirak etdin. Püşkatmanı və millimizin yer aldığı C qrupunu və rəqiblərimiz – Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyanı necə dəyərləndirə bilərsən?
- Püşkatma mərasimi, bilirsiniz ki, İtaliyanın Bari şəhərində oldu. Tədbir gözəl və tarixi məkanda baş tutdu, təşkilatçılıq da yüksək səviyyədə idi. Ölkəmizi belə bir mötəbər tədbirdə təmsil etmək mənim üçün qürurlu və həyəcanlı idi. Oyunlarla bağlı hələki bir söz demək tezdir. Lakin kifayət qədər güclü rəqiblərimiz var. Avropa çempinatında zəif rəqib olmur. Hazırlıqlara başlayanda artıq konkret fikirlər formalaşacaq. Son çempionatda biz bir neçə qələbə qazansaq da qrup mərhələsini keçə bilmədik. Gələn il öz evimizdə oynayacayıq və bu, bizə əlavə üstünlük və motivasiya verəcək. Biz 2017-ci ildə də Avropa çempionatına ev sahibliyi etmişik və yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Əminəm ki, 2026-cı ildəki çempionatı da yüksək səviyyədə təşkil edəcəyik. Komandamıza gəldikdə isə, biz oyunçular yaxşı çıxış edib, qələbələr qazanmaq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.