Akif Nəsirli: “Bank depozitlərinə təklif olunan faiz dərəcələri inflyasiyadan cüzi fərqlənir”
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda adambaşına düşən bank depozitləri 1746 dollar olub. Bu barədə məlumatı məşhur “CEIC Data” platforması yayıb.
Platformanın məlumatında qeyd olunur ki, 2025-ci ilin yanvar ayında Azərbaycan üzrə ümumi bank depozitlərinin həcmi 17,8 milyard dollar təşkil edib. Ölkə əhalisinin sayı 10,2 milyon nəfər olduğuna görə, adambaşına düşən depozit məbləği 1746 dollar olub.
Qonşu ölkələr arasında bu göstərici Gürcüstanda 5 690 dollar, Ermənistanda isə 5 153 dollar səviyyəsində qeydə alınıb. Belarusda adambaşına 2 307 dollar, Qazaxıstanda 3 829 dollar, Rusiyada isə 6 667 dollar depozit düşür. Baltik ölkələri regionda ən yüksək göstəricilərə malikdir. Belə ki, Latviyada adambaşına düşən depozit 10 min 603 dollar, Litvada 16 min 225 dollar, Estoniyada isə 23 min 148 dollar təşkil edib.
Göründüyü kimi, Azərbaycan adambaşına düşən bank depozitlərinin həcminə görə ən sonuncu yerdədir. Azərbaycan regionda ən aşağı göstəriciyə malikdir. Bəs bu geriliyin səbəbləri nələrdir?
“Gündəlik xərclər, ərzaq və mənzil qiymətlərinin yüksək olması nəticəsində əhalinin əmanət toplamaq imkanı məhduddur”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 950–1 000 manat (təxminən 550–600 dollar) civarındadır. Gündəlik xərclər, ərzaq və mənzil qiymətlərinin yüksək olması nəticəsində əhalinin əmanət toplamaq imkanı məhduddur. Əksər ailələr qazandıqları gəliri əsas ehtiyaclara – ərzaq, kommunal xərclər və borc ödənişlərinə xərcləyirlər. Ona görə də Azərbaycan əhalisinin depozit toplamaq imkanlari məhduddur. İkincisi, rəsmi mənbələrə görə, ölkə iqtisadiyyatında hələ də böyük bir hissə “nağd dövriyyə” şəklində, yəni bank sistemindən kənarda fəaliyyət göstərir. Bu, həm sahibkarların, həm də vətəndaşların gəlirlərini banklarda saxlamamasına səbəb olur. Əldə olunan gəlirin bir hissəsi ya nağd şəkildə dövriyyədə qalır, ya da daşınmaz əmlaka və qızıl kimi “sabit” aktivlərə yönəlir, nəinki depozitlərə. Üçüncüsü, yaxın keçmişdə bəzi bankların bağlanması və əmanətçilərin vəsaitlərinin qaytarılmasında yaşanan çətinliklər bank sektoruna etimadı zəiflədir. İnsanlar risqdən qaçaraq pullarını bankda deyil, ya evdə, ya da alternativ investisiya vasitələrində saxlamağa üstünlük verirlər. Bu da ölkədə depozit portfelinin məhdudlaşmasına səbəb olur. Dördüncüsü, maliyyə savadlılığının zəif olması insanların bank məhsullarından səmərəli istifadə etməsinə mane olur. Bir çox vətəndaş depozit, faiz dərəcəsi, inflyasiya və risq anlayışlarını kifayət qədər bilmir, bu da əmanət mədəniyyətinin formalaşmasını ləngidir. Beşincisi, Azərbaycanda bank depozitlərinə təklif olunan faiz dərəcələri inflyasiyadan cüzi fərqlənir. Yəni vətəndaş üçün bankda pul saxlamaq bəzən gəlir gətirən deyil, sadəcə təhlükəsiz saxlama vasitəsidir. Gürcüstan və Ermənistan kimi ölkələrdə isə kommersiya bankları daha yüksək faiz və müxtəlif bonus proqramları təklif edir. Altıncısi, son illərdə manatın sabitliyi nisbətən qorunub saxlansa da, əhali arasında “devalvasiya qorxusu” tam aradan qalxmayıb. Buna görə bir çox insanlar uzunmüddətli depozit açmaqdan çəkinir, xarici valyutada və ev şəraitində saxlamağa üstünlük verir. Yeddincisi, Qərbdə və Baltikyanı ölkələrdə insanlar yalnız bank əmanətləri deyil, həm də fond bazarına, pensiya fondlarına və digər maliyyə alətlərinə sərmayə qoyurlar. Azərbaycanda bu bazarlar zəif inkişaf etdiyindən, vəsaitlər ya nağd qalır, ya da qeyri-rəsmi investisiyalara yönəlir. Bir az fikirləşsək bir neçə əlavə səbəb də tapmaq olar. Yəni adambaşına düşən bank depozitlərinin aşağı olması Azərbaycanın iqtisadi və sosial strukturu ilə sıx bağlıdır. Əhalinin gəlirlərinin artırılması, bank sektoruna inamın gücləndirilməsi, maliyyə savadlılığının artırılması və depozitlər üçün cəlbedici şərtlərin yaradılması bu göstəricinin yüksəlməsinə səbəb ola bilər. Əks halda, Azərbaycan region ölkələri ilə müqayisədə uzun müddət “bank əmanətləri üzrə sonuncu” yerdə qalacaq”.
Vidadi ORDAHALLI