AZ

Qəbələnin 1200 illik paytaxt tarixi - Əliyev Qafqaz Albaniyasına erməni iddialarını ifşa etdi...


“Prezident bir daha dünyaya sübut etdi ki, ermənilərin alban dini irsinə heç bir aidiyyəti yoxdur, ərazi iddiaları tamamilə əsassızdır”

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında bildirdi ki, Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.

Prezidentin səsləndirdiyi bu fakt Albaniya tarixinə erməni dini - ərazi iddialarının ifşa edilməsi üçün necə əhəmiyyət daşıyır?

Əlbəttə, Azərbaycan Prezidentinin bu bəyanatı ermənilərin uzun illərdir Qafqaz Albaniyasına və alban dini-mədəni irsinə qarşı əsassız iddialarına vurulmuş çox kəskin bir zərbə oldu. Prezidentin TDT zirvəsində Qəbələnin tarixinə, daşıdığı tarixi əhəmiyyətə xüsusi diqqət ayırmaqla, bu şəhərin tariximizdə oynadığı əhəmiyyətli rolu vurğulamaqla az qala yüz ili aşan erməni yalanlarına ifşa etdi.

Heç bir əlaqələri olmadığı halda, ermənilər alban irsindən əl çəkmək istəmirlər, bu saxtakarlıqlarını ayrı-ayrı kitablara, qondarma xəritələrə də köçürüblər. Bununla kifayətlənməyib, özlərini hətta alban irsinin “sahibi” kimi də qələmə verməkdən çəkinmirlər. XIX əsrdə Çar Rusiyası tərəfindən alban-xristian kilsəsinin müstəqilliyinin ləğv edilməsi və bölgəmizə sonradan yamaq edilmiş erməni Qriqoryan kilsəsinin tabeliyinə verilməsi onların alban irsinə iddia etməsinə gətirib çıxardı. Elə yazıb, elə düzüb-qoşdular ki, guya Albaniya da bunların olub, alban-xristian irsi də. Düzdür, alimlərimiz onların bu əsası olmayan təbliğatlarına qarşı xeyli iş gördülər, amma onlar yenə də öz uydurmalarını, nağıılarını davam etdirdilər. Torpaqlarımızı işğalda saxladıqları müddətdə Qarabağda və ətraf rayonlarda olan qədim məbədlərə, kilsələrə qarşı saxtalaşdırma apardılar, tikililərə müdaxilə etdilər ki, bəlkə bu yolla o irsi ələ keçirə bilərlər, amma sonunda müvəffəq olmadılar. Bu gün o torpaqlar azaddır və qədim alban dini-mədəni irsi öz əsl sahibi olan Azərbaycan dövlətinin himayəsindədir.

“Bu onların kökü olmayan iddalarını ifşa edən cavab olmaqla yanaşı, həm də ermənilərin bu bölgəyə gəlmə olduqlarını sübut edən faktdır”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Qədim Azərbaycan şəhəri Qəbələ Albaniya dövlətinin paytaxtı olmaqla yanaşı, həm də dövlətçiliyimizin köklərini yaşadır. “Qəbələ tarixi Azərbaycan şəhərdir. İstər Qafqaz Albaniyası dövründə, istərsə də ondan əvvəlki dönəmlərdə türk xalqının əsas şəhərlərindən biri olub. Albaniya dövlətini quranlar, idarə edənlər məhz türk kökənlilər olub. Bu faktı tarixi mənbələr sübut edir. Miladdan öncə yaranan və bizim eranın VII əsrinə qədər mövcud olan Qafqaz Albaniyası haqda yunan, Roma mənbələrində, eləcə də digər mənbələrdə 26 tayfadan bəhs olunur, əslində o 26 tayfanın böyük əksriyyətini türk kökənlilər təşkil edib. Sonrakı dönəmlər də bunu göstərir. İstər Xəzərlər, istər Səlcuqlar, istərsə də digər dönəmlərdə Qəbələ Azərbaycan-türk şəhəri olub. Cənab Prezidentin də TDT Zirvəsində bunu ifadə etməsi təsadüfi deyil. Qəbələ tarixi Albaniyanın paytaxtı olubsa, bu gün də Azərbaycanın bir şəhəridir, gələcəkdə də belə olacaq. Ermənilərin alban tarixinə, dini-mədəni irsinə iddaları əsassızdır. Bu onların uydurmasıdır. Onlar bu uydurmaları hansısa formada səsləndirə bilərlər, amma tarixi gerçəklik onu göstərir ki, bu irsin onlara heç bir aidiyyəti yoxdur. Prezident İlham Əliyev bir daha dünyaya sübut etdi ki, ermənilərin alban dini irsinə heç bir aidiyyəti yoxdur, ərazi iddiaları tamamilə əsassızdır. Bu onların kökü olmayan iddalarını ifşa edən cavab olmaqla yanaşı, həm də ermənilərin bu bölgəyə gəlmə olduqlarını sübut edən faktdır. Bu faktın TDT Zirvəsində bəyan edilməsi erməni saxtakarlığına kəskin zərbə kimi qiymətləndirilməlidir”.

F.Ələkbərli təəssüflə bildirdi ki, Sovet dövründə də, hətta indinin özündə də özünü Azərbaycan tarixçisi adlandıran bəzi insanlar bizim tarixi şəhərlərimizi başqa xalqların adlarına bağlamağa cəhd ediblər. “Yanlış olaraq bu şəhərləri, bu əraziləri Qafqazdillilərin, İrandillilərin adları ilə bağlamağa cəhdlər edirlər. Bu da absurddur.

Azərbaycan Prezidenti də bu fikri söyləməklə bu ərazilərin qədim dövrdən türklərlə bağlı olduğunu ifadə edib”-deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr