AZ

Yaxın Şərqdə problemin həll yolu - Politoloq AÇIQLADI

"Yaxın Şərq kimi qarışıq, mürəkkəb müharibənin olduğu ərazidə razılaşmanın əldə olunması müsbət haldır. Amma bu, problemin həllidirmi? Mən bunun problemin həlli kimi o qədər də optimist görmürəm".

Bu fikirləri Redaktor.az-a politoloq Xəyal Bəşirov Qəzzada atəşkəsin əldə olunmasından və Amerika Prezidenti Donald Trampın həftə sonu Yaxın Şərqə edəcəyi səfərdən danışarkən bildirdi.

"Burada söhbət Fələstin dövlətinin yaradılması ilə bağlı razılaşmadan getmir. Düşünmürəm ki, gedişatda hansısa problem çıxmasın. Nə qədər ki, 1947-ci ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi iki dövlətli həll məsələsi icra olunmayıb, bu problem həmişə davam edəcək. Ya iki dövlət yaradılmalıdır, hər iki dövlət bir-birlərinin ərazi bütövlüyünü, sərhədlərini tanımalıdır və öz sərhədlərindən daxilə çəkilməlidir, ya da tərəflərdən biri ərazidən ümumiyyətlə çıxıb getməlidir. Bunların heç biri olmasa, müharibə davam etməlidir. 1947-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul edilməsindən sonra İsrail dövlətinin yaranması addımından başlayaraq orada müharibələrin həmişə mərhələli şəkildə şahidi olmuşuq, tarix bunu göstərir. Ən son 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın İsrailə hücum etməsindən sonra başlayıb və hələ də davam edir".

Politoloq Donald Trampın Yaxın Şərqə edəcəyi səfər məsələsinə də toxundu:

"Donald Tramp Yaxın Şərqə səfər edir, sülh sazişinin imzalanması, ona riayət olunması ilə bağlı addımlar atır. Bu, təqdir olunacaq haldır. Amma münaqişə o qədər mürəkkəbləşib ki, bunun belə qısa müddət ərzində həlli real görünmür. Amma yenə ümid edək ki, bu proseslər ən azından indiki mərhələdə toqquşmaların, qarşıdurmanın, müharibənin, ölüm-itimin, partlayışların qarşısını alacaq və növbəti mərhələdə o addımların davamını gətirəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
2
1
redaktor.az

2Mənbələr