AZ

“Türk Dövlətləri Təşkilatının güclənməsi regional sabitlik üçün vacibdir” - İlyas Hüseynov

“Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Şurasının 12-ci zirvə görüşündə mühüm təkliflər səsləndirdi. Bu təşəbbüslər bu gün diqqətlə təhlil olunur. İlk olaraq Türkoloji Qurultayın 100 illiyi ilə bağlı növbəti qurultayın keçirilməsi təklif edildi. Digər vacib təşəbbüs isə Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimlər keçirməsidir. Prezident vurğuladı ki, bu təşəbbüs böyük əhəmiyyət kəsb edir, çünki regiondan mühüm nəqliyyat və enerji layihələri keçir və onların təhlükəsizliyinin təmin edilməsi çox önəmlidir. Eyni zamanda, birgə silahlı qüvvələrin həmrəliyi, yaxından tanışlığı və təcrübə mübadiləsi də böyük əhəmiyyət daşıyır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

Xatırladaq ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edən İlham Əliyev qeyd edib ki, Təşkilat artıq sadəcə əməkdaşlıq platforması deyil, həm də formalaşmaqda olan mühüm geosiyasi mərkəzə çevrilir. Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət və artan təhlükəsizlik çağırışları fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

Siyasi şərhçi qeyd edib ki, qardaş Türkiyənin NATO-da ikinci böyük ordusu var və önəmli əməliyyatlar icra edən Türkiyənin hərbi təcrübəsinin qardaş ölkələr tərəfindən öyrənilməsi əhəmiyyətlidir.

“İki tərəfli, üç tərəfli və çox tərəfli müxtəlif təlimlər keçirilir, lakin ümumi təlim toplanışı və hərbi təlimlərin təşkili Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi təhsil və texniki əməkdaşlığı ən yüksək səviyyəyə qaldıra bilər. Bəzi mənbələr bu təşəbbüsü “Turan ordusu” və ya “Türk NATO-su” adlandırır, lakin məqsəd bütün dünyada gedən transformasiyalar, qeyri-müəyyənlik və turbulentlik dövründə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
6
aznews.az

1Mənbələr