AZ

Kredit asılılığı da alkoqol asılılığı kimi ortaya çıxıb

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Son illər kredit götürmək bir çox insan üçün çıxış yolu kimi görünür. Kiminin həqiqətən ehtiyacı olur, kiminin isə bu proses artıq gündəlik həyatının bir hissəsinə çevrilib.

Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, kredit götürənlər var ki, bunu həqiqi ehtiyacdan edirlər, bəziləri isə sadəcə adət halına çevirdikləri üçün bu yola əl atırlaratırlar. 

"Tutaq ki, bir şəxsin qarşısında ciddi bir problem dayanır və onu həll etmək üçün yetəri qədər maliyyəsi yoxdur, amma sərfəli faizlə kredit götürmək imkanı varsa, niyə də bu fürsətdən istifadə etməsin? Lakin bu gün insanlar elə bir vəziyyətə düşüblər ki, artıq kredit asılılığının içindədirlər. Elə bank olmayan, qeyri-ciddi təşkilatlardan borc pul götürür, sonra isə həmin borcun doğurduğu daha böyük borcların bataqlığında boğulurlar. Əgər ortada real və həyati əhəmiyyətli bir problem varsa, və bank sərfəli şərtlərlə kredit təklif edirsə, bu zaman bank olmayan qurumların tələsinə düşməkdənsə, etibarlı bankların maliyyə dəstəyindən istifadə etmək daha məqsədəuyğun olar. Kredit, yalnız çətinliklərin aşılması, vacib və təxirəsalınmaz problemlərin həlli üçün götürülməlidir. Axı insan niyə öz alın tərini faizlərlə başqasına vermək məcburiyyətində qalsın? Ancaq o zaman buna razı olar ki, artıq problemini özü həll edə bilmir və maliyyə dəstəyi qaçılmazdır. Təəssüf ki, bu gün biz ehtiyac olmadan kredit götürüb, onu gərəksiz xərcləmələrə yönəldən kifayət qədər insan görürük. Necə ki, narkotik, alkoqol, nikotin asılılığı var, son illərdə kredit asılılığı da oxşar formada ortaya çıxıb. Bir krediti ödəmək üçün başqa bir bankdan kredit götürən, sonra həmin borcu bağlamaq üçün daha bir banka müraciət edən və beləcə dolanbac kredit bataqlığında ilişib qalan insanlar, məncə, artıq ciddi şəkildə kredit asılılığı probleminin təsiri altındadırlar", - deyə sosioloq yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
redaktor.az

2Mənbələr