AZ

“Yeni texnologiyalar ailədaxili münasibətlərə mənfi təsir göstərir” - Nailə İsmayılova

“Ölkəmizdə əsrlər boyu milli-mənəvi dəyərləri və adət-ənənələri yaşadan klassik ailə institutu mövcud olub. Tarixin bütün mərhələlərində ailələrdə qarşılıqlı hörmət, anlaşma və sevgi əsas prinsiplər kimi qorunub saxlanılıb. Ailə təkcə sosial vahid deyil, həm də cəmiyyətin dayağı və milli kimliyimizin formalaşmasında mühüm rol oynayan institutdur. Lakin müasir dövrün gətirdiyi yeniliklər, texnoloji inkişaflar və qloballaşmanın təsiri ailə modelində müəyyən dəyişikliklər yaradıb və “müasir ailə modeli” anlayışını ortaya çıxarıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.

Qeyd edək ki, son illərdə Azərbaycan cəmiyyətində ailə modeli və dəyərlər sistemi sürətlə dəyişir. Qloballaşma, iqtisadi amillər və sosial media gənclərin həyat tərzinə, münasibətlərinə və ailə qurmaq anlayışına birbaşa təsir göstərir.

Sosioloq qeyd edib ki, ailə üzvləri arasında birbaşa ünsiyyətin azalması, diqqətsizlik, paylaşmama və birgə vaxt keçirməyə laqeyd yanaşma ailə münasibətlərində soyuma və əlaqələrin zəifləməsinə səbəb olur.

“Bu hallarda ailənin psixoloji və mənəvi bağları zədələnir və sağlam fəaliyyət göstərməsi çətinləşir. Müasir cəmiyyətin çağırışları fonunda ailə dəyərlərinin qorunması, klassik ailə institutunun müsbət ənənələrinin yaşadılması və yeni şəraitə uyğun möhkəmləndirilməsi vacib vəzifədir. Yeni texnologiyaların, xüsusilə sosial şəbəkələrin ailə üzvləri arasındakı münasibətlərə təsiri danılmazdır və çox zaman mənfi nəticələrə səbəb olur. Nəticədə qarşılıqlı anlayış zəifləyir, ailədaxili münasibətlərdə gərginlik və problemlər yaranır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
25
aznews.az

1Mənbələr