AZ

Heydər Əliyev və milli dövlətçilik

Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə növbəti dəfə türk dövlətlərinin rəhbərləri bir araya gəldi. 

Azərbaycanın ən qədim şəhərlərindən birində - Qəbələdə keçirilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Æaparov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Æomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdikləri görüşdə eyni kökə, ortaq tarixə və mədəniyyətə malik olan türk xalqlarının bu günü və gələcəyi ilə bağlı olduqca əhəmiyyətli məsələlərdən danışıldı.

Mühüm təklif...

Dövlətimizin başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır: "Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur".

Türk dövlətləri arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rolu olan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin artıq ənənəyə çevrildiyini təqdirəlayiq hal kimi dəyərləndirən Prezident İlham Əliyev ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün və bu il Budapeştdə baş tutmuş görüşün mühüm qərarlarla yadda qaldığını vurğuladı.

Bu gün sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, Türk Dövlətləri Təşkilatının təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb: "Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir".

2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyinin bərpa olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında ortaq tarixi və etnik köklərimizin, dillərimizin bizi bir ailə kimi birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev dedi: "Burada 1926-cı ildə Bakıda təşkil edilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istəyirəm". Dövlətimizin başçısı gələn il I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi.

Tariximizin unudulmaz səhifələrindən biri - I  Türkoloji Qurultay

Yüz il öncə keçirilmiş I Türkoloji Qurultay ötən əsrdə təkcə Azərbaycan xalqının deyil, ümumilikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir. 

SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayın çağırılması haqqında qərarı 1925-ci ilin avqustunda qəbul etmişdi. Qurultayın çağırılması məsələsi ilk dəfə bir il əvvəl Azərbaycan SSR hökuməti tərəfindən SSRİ rəhbərliyinə təqdim olunmuşdu. SSRİ hökumətinin Türkoloji Qurultayın çağırılması barədə qərarından altı ay öncə isə I Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Şərqşünaslıq Birliyində latın əlifbasına keçilməsi məsələlərinin həll edilməsi zərurəti irəli sürülmüşdü.

Türkoloji Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə yaradıldı. Təşkilat komissiyasının tərkibinə Səməd Ağamalıoğlu (sədr), M.Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q.Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunov, Yusifzadə seçildilər.

Ümumittifaq Türkoloji Qurultaya hazırlıq çərçivəsində həyata keçirilən işləri işıqlandırmaq üçün təşkilat komissiyası "Xəbərlər" nəşr etdirirdi.

1926-cı il fevralın 26-dan martın 6-dək respublikamızın paytaxtı Bakı şəhərində keçirilən, doqquz gün davam edən I Türkoloji Qurultayda 131 nəfər nümayəndə (20 nəfər beynəlxalq elmi ictimaiyətin nümayəndəsi) iştirak edirdi. Ayna Sultanova qurultayın yeganə qadın nümayəndəsi idi.

Qurultay həm də məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilirdi. İştirakçılar arasında tanınmış türkoloq-şərqşünas alimlərin olması da qurultayın mötəbərliyinin və əhəmiyyətinin böyüklüyünü təsdiqləyirdi. 

İclasda təbrik nitqini SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov söyləyərək iştirakçıları salamladı. I Türkoloji Qurultayın 17 iclası keçirildi. İclaslara Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etdi. Qurultayın Rəyasət Heyətinə Səməd ağa Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası) Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M.Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Umar Əliyev seçildilər. Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen qurultayın Rəyasət Heyətinin fəxri üzvü oldular.

Bütövlükdə türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənildi. Araşdırıcılar V.V.Bartoldun "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri", S.F.Oldenburqun "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları", A.A.Müllerin "Türk xalqlarının təsviri sənəti haqqında", F.Köprülüzadənin "Türk xalqlarının ədəbi dillərinin inkişafı", A.N.Samoyloviçin "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", B.Çobanzadənin "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", H.Zeynallının "Türk dillərində elmi terminologiya sistemi haqqında", S.Y.Malovun "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri", F.Ağazadənin "Türk dillərində düzgün yazı", N.F.Yakovlevin "Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri", C.Məmmədzadənin "Türk xalqlarının əlifba sistemləri haqqında", Kemanovun "Türk dillərinin tədrisi metodikasının əsasları", N.N.Poppenin "Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti", H.Şərəfin "Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri", T.Menselin "Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri" məruzələrini xüsusi qeyd edirlər. 

I Türkoloji Qurultayın qərarını təşkilat komissiyasının həmsədri Cəlaləddin Qorxmazov təqdim etdi. Beləliklə, türk dillərinin yeddi böyük problemi müzakirə edilərək müvafiq qərarlar imzalandı. Həmin problemlər bunlar idi: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

Hələ 1923-cü il oktyabrın 20-də Azərbaycan hökuməti yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsinə qərar versə də, I Türkoloji Qurultaydan sonra rəsmi şəkildə, yekdilliklə latın qrafikalı əlifbaya keçid reallaşdı. Tatarıstan Respublikasının partiya təşkilatı 1927-ci il iyulun 3-də  yeni əlifbaya keçidi rəsmi şəkildə elan etdi. Sovet hökuməti qurultayın qərarına əsaslanaraq, 1929-cu il yanvarın 1-dən ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Sovet İttifaqına daxil olan digər türk respublikalarında da qurultayın qərarı ilə ərəb əlifbasını latın qrafikalı yazı əvəz etdi. Beləliklə, qurultayın qərarı nəticəsində 1929-1939-cu illərdə bütün türk respublikaları ərazisində latın qrafikalı əlifbadan istifadə olundu.

Azərbaycan SSR latın qrafikalı əlifbaya keçdikdən 5 il sonra Türkiyə Cümhuriyyəti də həmin əlifbaya keçdi. Lakin 1939-cu ildə Sovet İttifaqına daxil edilmiş respublikalarda ümumi Kiril əlifbasından istifadəyə qərar verildi. Latın əlifbasından Kiril qrafikasına keçidin "zəhmətkeşlərin ümumi istəyi" ilə həyata keçirildiyinə dair rəsmi açıqlama verildi.

I Türkoloji Qurultayın 100-dən artıq nümayəndəsi repressiyalara məruz qaldı. 1930-cu illərin sonlarında onlar pantürkçü, millətçi, əks-inqilabçı kimi günahlandırılaraq həbs edildı. Repressiya qurbanları arasında Ruhulla Axundov, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Bəkir Çobanzadə, Osman Akçökraklı, Əhməd Baytursunov, Salman Mümtaz, İsidor Baraxov, Hənəfi Zeynallı, Hikmət Cevdet-zadə və başqaları var idi.

Ehtiramın ifadəsi...

Sovet hökumətinin amansız qərarlarına və cəhdlərinə rəğmən I Türkoloji Qurultayın tarixi əhəmiyyəti unudulmadı. Azərbaycan XX əsrin sonlarında  müstəqilliyinə qovuşduqdan sonra bu mötəbər tarixi hadisəyə də dövlət səviyyəsində hüquqi qiymət verildi. 2005-ci il noyabrın 5-də Prezident İlham Əliyev I Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. 

I Türkoloji Qurultayın 90 illiyi də dövlət səviyyəsində qeyd edildi. Qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev 2016-cı il fevralın 18-də sərəncam imzaladı. Sərəncamda bildirildiyi kimi, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Sənəddə qeyd olunur: "Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı olan görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir".

Tariximizin unudulmaz səhifəsinə çevrilmiş I Türkoloji Qurultayda qaldırılan bir sıra məsələlər - ortaq türk tarixi, ortaq türk dili, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi məsələlər bu gün də çox əhəmiyyətlidir, aktualdır. 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr