AZ

Liderlərin son görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifənin başlanğıcı olacaq – RƏY

"Məlum olduğu kimi, bir müddət Azərbaycan-Rusiya münasibətlərində gərginlik var idi. Azərbaycana məxsus təyyarə vurulandan sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyinin şahidi olduq. Azərbaycanın tələbi yalnız bundan ibarət idi ki, üzr istənilməli, cinayəti törədənlər cəzalandırılmalıdır. Təəssüf ki, Rusiya tərəfi tələblərə əməl etmədi. Bu da iki ölkə arasında münasibətlərin uzun müddət gərgin məcrada qalmasına gətirib çıxardı. Nəzərə almalıyıq ki, Rusiya bizim böyük qonşumuzdur. Coğrafiyanı dəyişmək isə qeyri-mümkündür. Azərbaycan-Rusiya münasibətlərinin dəyişməsi və inkişafı bu mənada xüsusi önəm və əhəmiyyət daşıyır".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.

 

“Hesab edirəm, iki dövlət başçısı arasında keçirilən görüş, Rusiya tərəfinin verdiyi açıqlamalar, Prezident Vladimir Putinin səsləndirdiyi fikirlər deməyə əsas verir ki, artıq gərginlik arxada qalıb və məsələ həllini tapıb. Əslində məsələlərin həllinə daha tez nail olmaq mümkün idi. Rusiya vaxtında addım atsaydı... Hər halda liderlərin son görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifənin başlanğıcı olacaq. Artıq əlaqələrin inkişaf etdiyini görəcəyik. Ümid edirik ki, Rusiya tərəfi Prezident Vladimir Putinin verdiyi açıqlamaların yerinə yetirilməsi, addımların atılması üçün işlərə başlayacaq. Sözün həqiqi mənasında, münasibətlərin tam normallaşdığının, yeni məcraya daxil olduğuna şahidlik edəcəyik. Hazırda bu məsələ həm də regional təhlükəsizlik baxımından xüsusi önəm və əhəmiyyətə malikdir. Münasibətlərin inkişaf etməsi üçün bundan sonra Rusiya tərəfi üzərinə düşən məsuliyyəti yerinə yetirməli, icra etməlidir. Biz də münaqişəyə son qoyulduğuna əmin olmalıyıq. İnanırıq ki, mövcud gərginlik bundan sonra tam arxada qalacaq. Əsas məqsəd və hədəf də budur", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Oktyabr 2025, 10:16   
Seçilən
20
50
pravda.az

10Mənbələr