AZ

NDU-da “Code for Future” layihəsi çərçivəsində görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Alqoritmika” şirkəti və universitetin birgə əməkdaşlığı ilə həyata keçirilən “Code for Future” layihəsi çərçivəsində görüş olub və infosessiya keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, layihə tərəfdaşları ilə keçirilən görüşdə çıxış edən rektor Elbrus İsayev tələbələrin peşəkar bacarıqlarının inkişafı və onların pedaqoji fəaliyyətlərində innovativ texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb. Rektor səmərəli əməkdaşlıq çərçivəsində layihənin perspektivdə universitet üçün faydalı nəticələrinin gözlənilən olduğunu vurğulayıb.

“Code for Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva layihənin məqsəd və istiqamətləri barədə təqdimatla çıxış edərək iştirakçıları məlumatlandırıb. Layihə gələcək müəllimlərin peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Bildirilib ki, layihə çərçivəsində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan 50 tələbə “Proqramlaşdırma dilləri: “Python” və Rəqəmsal bacarıqlar” başlıqlı 2 əsas tədris proqramına əsasən intensiv kurslara cəlb olunacaqlar.

Görüşdən sonra ali təhsil ocağının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV və V kurslarında təhsil alan tələbələr üçün infosessiya keçirilib. Burada tələbələr layihə çərçivəsindəki kurslar və onun məzmunu, eləcə də gələcək imkanlar barədə məlumatlandırılıb, interaktiv müzakirələr aparılıb.

 

 

 

 

Seçilən
11
tehsil.biz

1Mənbələr