AZ

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının cəmiyyətin inkişafındakı rolu

İstiqamət: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması 

Elm və təhsil insan həyatının ən əsas sütunlarından biridir. Tarixin hər mərhələsində elm, insanların dünyagörüşünü genişləndirən, düşüncə tərzini formalaşdıran və cəmiyyətin inkişafını sürətləndirən bir qüvvə olmuşdur. Məktəblər, universitetlər və digər tədris müəssisələri gənclərə yalnız bilik deyil, həm də analitik düşüncə, yaradıcılıq və məsuliyyət hissi aşılamaq imkanı yaradır. Müasir dövrdə isə texnologiyanın sürətli inkişafı və informasiya bolluğu təhsilin mahiyyətini daha da dəyişdirib, onu daha interaktiv, rəqəmsal və praktik hala  gətirib. Hər bir mərhələdə elm, insanın dünyagörüşünü genişləndirir, düşüncə tərzini zənginləşdirir və yeni baxışlar açır. Təhsil isə bu baxışların formalaşdığı məkan olaraq, yalnız bilik verməkdən daha çox, insanın analitik düşüncəsini, yaradıcılıq qabiliyyətini və maraq hissini inkişaf etdirməyə xidmət edir. Məncə, təhsil prosesində öyrənməyin həyəcanı və yeni məlumatlarla qarşılaşmaq insanı həm maraqlı, həm də dərin düşüncəli edir. 
Elmi-kütləvi və mədəni-maarif proqramları isə bilikləri cəmiyyətlə paylaşmaq, yeni ideyaları çatdırmaq və mədəni dəyərləri qorumaq üçün incə bir vasitədir. Bu proqramlar insanı düşündürür, ona yeni suallar verdirir və dünyaya fərqli bucaqlardan baxmaq imkanı yaradır. Məncə, maraqlı proqramlar həmişə insanın özünü kəşf etməsinə imkan verir və onun dünyagörüşünü zənginləşdirir. Hazırda bu proqramlar müxtəlif formatlarda təqdim olunur - kitablar, televiziya və radio verilişləri, rəqəmsal platformalar, interaktiv tədbirlər. Hər bir platforma özünəməxsus gözəlliyə malikdir. Məsələn, televiziyada təqdim olunan verilişlər vizual olaraq cəlbedici ola bilər, rəqəmsal platformalarda isə interaktivlik və fərdi maraqların öyrənilməsi ön plana çıxır. Hər biri bir cür maraqlı, hər biri bir cür düşündürücüdür. Hər bir yeni məlumat, hər bir yeni ideya insanın düşüncəsində işıq yandırır. Elmi-kütləvi və mədəni-maarif proqramları da eyni şəkildə, cəmiyyətlə dialoq qurur, insanın maraqlarını önə çıxarır və onun düşüncəsini zənginləşdirir. 

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Olaylar.az-a açıqlama verib: "Elmi, kütləvi, mədəni, maarif və təhsil proqramlarının hazırlanmasında əsas məqsəd cəmiyyətin, eləcə də gənclərin və ümumilikdə bütün cəmiyyətin inkişafıdır. Çünki burada sadəcə təhsil alanlardan, yəni orta ümumtəhsil məktəblərinin şagirdlərindən söhbət getmir. Burada bütün təhsil alanlardan söhbət gedir. Yəni bütün təhsil alanlar üçün elmi, kütləvi, mədəni, maarif və təhsil proqramlarının hazırlanmasında əsas məqsəd cəmiyyətin daha yüksək intellektual səviyyəyə malik olması, mədəni istedadın üstünlüyü və elmi biliklərinin genişləndirilməsidir. Elmi biliklərlə yanaşı sosial biliklərin inkişaf etdirilməsi istiqamətində də müxtəlif proqramlar hazırlanır. Bu proqramlar sadəcə tədris proqramları ilə kifayətlənmir. Əlbəttə ki, tədris proqramları bu proqramların əsas meyarını təşkil edir. Amma bununla yanaşı davranış qaydalarının öyrədilməsi, məktəbəqədər təhsil sistemindən başlayaraq yuxarı pillələrə qədər davam edən bir prosesdir. Ali təhsil pilləsi, magistratura pilləsi və digər mərhələlərdə hazırlanan proqramların əsas məqsədlərindən biri cəmiyyətə milli vətənpərvərlik ruhunun aşılanması, eləcə də cəmiyyətdə üstün bir subyekt olmaq istiqamətində fərdin formalaşdırılmasıdır. Bu kimi proqramlarla cəmiyyətdə daha yaxşı vətəndaş kimi yetişdirməyə yönəlmiş addımlar atılır. Əgər biz orta ümumtəhsil məktəblərinin proqramlarına nəzər salsaq, görərik ki, burada təhsilə təlim prosesi ilə yanaşı, tərbiyəvi prosesin də aşılanması ön plandadır. Əsas məqsəd sadəcə cəmiyyətin elmi biliklərinin inkişaf etdirilməsi və uşaqların bilik səviyyələrinin yüksəldilməsi deyil. Bununla yanaşı tərbiyəvi, mədəni və sosial biliklərin aşılanması da mühüm rol oynayır. Yəni, hər hansı bir tədris proqramının hazırlanmasında sadəcə bilik və bacarıqların mənimsənilməsi deyil, eyni zamanda cəmiyyətdə müəyyən bir mövqe tutmaq, tərbiyəvi xüsusiyyətlərin formalaşması və sosial biliklərin inkişaf etdirilməsi istiqamətində də xüsusi rol oynayır. Düşünürəm ki, bu proqramların hazırlanmasında məqsəd yalnız bilik və bacarıqların mənimsənilməsi deyil, həm də cəmiyyət üçün daha yüksək səviyyəli bir vətəndaş yetişdirməkdir. Çünki hər hansı bir tədris proqramının hazırlanması sadəcə elmə əsaslanmır. Elm ilə yanaşı mədəni irsin, cəmiyyətdə mədəni biliklərin, davranış qaydalarının öyrədilməsi, tərbiyənin aşılanması, insanların bir-biri ilə ünsiyyət bacarıqlarının formalaşdırılması, cəmiyyətdə mövqe tutması və vətəndaş kimi yetişdirilməsi də bu proqramların əsas meyarlarından biridir. Bu, sadəcə şəxsi fikir deyil, ümumi bir prinsipdir. Çünki istər məktəbəqədər, istər orta ümumtəhsil, istərsə də ali təhsil səviyyəsində olan bütün tədris proqramlarında təhsillə yanaşı tərbiyə də mühüm rol oynayır.
Bəli, bu proqramların hər birinin hazırlanmasında cəmiyyətin mövqeyi xüsusi rol oynayır. Əgər həmin proqramların hazırlanmasında müəyyən mesajlar varsa, məsələn, yüksək texnologiyalara uyğun hər hansı bir proqram hazırlanırsa, o proqram müasir dövrün tələblərinə uyğun formada tərtib olunur. Yəni informatika yönümlü bir tədris proqramı hazırlanırsa, onun daxilində müasir dövrün texnologiyalarına- məsələn, süni intellekt proqramlarına, informasiya texnologiyalarına kimi uyğun məzmunların əlavə olunması, ümumilikdə cəmiyyətin və dövrün tələblərinə cavab verən proqramların yaradılması əsas tendensiyalardan biri hesab olunur. Maarifçilik məqsədi ilə hazırlanmış proqramların hər birində vətəndaşın cəmiyyətdə tutduğu mövqe əsas götürülür. Vətəndaş cəmiyyətdə hansı mövqe tutmalıdır? Bu, istər tədris prosesi olsun, istər cəmiyyətdə hər hansı bir mövqe tutması, istərsə də yol hərəkəti qaydalarına əməl etməsi, digər insanlarla ünsiyyəti və davranış qaydalarına riayət etməsi ilə bağlı olsun-bunların hər biri, əlbəttə ki, həmin proqramların hazırlanmasında istifadə olunan üsullardan biri kimi qiymətləndirilir. Maarifçilik nədir? Maarifçiliyi sadəcə təhsillə məhdudlaşdırmaq olmaz. Maarifçilik hər hansı bir düzgün yolun, doğru davranışın təbliğ olunması, aşılanması, öyrədilməsidir. Əgər hər hansı bir üsul və ya yol öyrədilirsə, bu, cəmiyyətin tələbinə uyğun olaraq həyata keçirilməlidir.  Məsələn, tərbiyə yönümlü mövzular öyrədilirsə, həmin mövzularda mütləq müasir dövrün tələbləri nəzərə alınmalıdır və bu tələblər əsasında müəyyən maarifçilik təbliğatları həyata keçirilməlidir. Maarifçilik təbliğatları yalnız təhsil müəssisələrində deyil, digər qurumlar tərəfindən də həyata keçirilə bilər. Məsələn, ictimai birliklər, qeyri-hökumət təşkilatları, müxtəlif şəxslər, özəl kurslar və digər qurumlar da maarifçilik fəaliyyətləri ilə məşğul ola bilərlər. Burada "maarifçilik təşəbbüsü" dedikdə yalnız təhsil müəssisələri nəzərdə tutulmur. Təhsil müəssisələri ilə yanaşı, digər qurumlar da müxtəlif maarifçilik təbliğatları həyata keçirirlər. Məsələn, yanğın zamanı maarifçilik ideyalarının təbliği, yol hərəkəti hadisələri zamanı maarifçilik təşəbbüslərinin həyata keçirilməsi, eləcə də cəmiyyətin müxtəlif istiqamətlərində aparılan təşəbbüslər bu təbliğatın həyata keçirilməsi istiqamətində atılan uğurlu addımlar kimi qiymətləndirilir.
Əlbəttə ki, maarifləndirici proqramların həyata keçirilməsində ən önəmli rıçaqlardan biri də məhz rəqəmsal texnologiyalar və media platformalarıdır. Bu gün sosial media, mətbuat və yaxud da digər televiziyalar, xüsusilə də sosial media platformaları cəmiyyətə daha rahat şəkildə mesaj vermək baxımından geniş potensiala malikdir. Çünki bu gün hər hansı kiçik videoçarxlar formatında hazırlanan maarifləndirici bir video materialın sosial platformalar vasitəsilə cəmiyyətə çatdırılması daha aktualdır. Bu da ondan irəli gəlir ki, bu gün cəmiyyətin böyük bir qismi sosial mediadadır. Müşahidələr göstərir ki, azyaşlılardan yaşlılara qədər insanlar sosial mediada daha çox vaxt keçirirlər. Bu baxımdan maarifləndirici ideyaların videoroliklər, yazılar, lövhələr və təqdimatlar vasitəsilə cəmiyyətə daha rahat şəkildə çatdırılmasında sosial medianın rolu, əlbəttə ki, çox böyükdür. Müasir texnologiyalar dövründə isə mən deyərdim ki, texnoloji avadanlıqlar vasitəsilə maarifləndirici təbliğatların aparılması ən uğurlu layihələrdən biri hesab olunur. Gələcəkdə elmi-kütləvi və təhsil yönümlü layihələrin daha effektiv olması üçün düşünürəm ki, süni intellekt proqramlarından daha çox istifadə olunmalıdır. Bu gün artıq süni intellekt cəmiyyətin böyük bir qismini öz caynağına alma ərəfəsindədir. Süni intellekt sürətlə inkişaf etməkdədir. Dünyanın aparıcı dövlətlərində süni intellektlə bağlı müxtəlif proqramlar və layihələr hazırlanır. Süni intellektin üstün rolunu nəzərə alaraq, bu istiqamətdə aparılacaq elmi-kütləvi və təhsil yönümlü layihələrin genişləndirilməsi ən vacib maarifləndirici istiqamətlərdən biri olacaq".
Ekspert Ramin Nurəliyevin də vurğuladığı kimi, elmi, kütləvi, mədəni və maarifçilik proqramlarının məqsədi yalnız bilik ötürmək deyil, həm də cəmiyyətdə yüksək səviyyəli vətəndaşlar formalaşdırmaqdır. Bu proqramlar insanın analitik düşüncəsini, yaradıcılıq qabiliyyətini, sosial bacarıqlarını inkişaf etdirir və milli-mədəni dəyərlərə hörmət hissini aşılayır. Müasir dövrdə rəqəmsal texnologiyalar və sosial media isə bu prosesin daha interaktiv və əhatəli olmasına imkan verir. Beləliklə, elm, təhsil və maarifçilik yalnız fərdi inkişafı deyil, həm də cəmiyyətin intellektual və mədəni səviyyəsinin yüksəlməsini təmin edən bir zəncirin əsas həlqəsidir. Əsl məqsəd isə açıqdır: hər bir fərd həm bilikli, həm şüurlu, həm də məsuliyyətli vətəndaş kimi cəmiyyətə töhfə verə bilsin.

Zeynəb Mustafazadə 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr