AZ

Ermənistan hərbi cinayətlərdə xarici muzdlulardan da istifadə edib

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə, soyqırımı kimi cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 9-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub. Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş sənədlər elan olunub, müvafiq fotoşəkillər nümayiş etdirilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib. Xüsusən, Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib.

Xarici dövlətlərdə isə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib. Nəticə etibarilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan suveren ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dan, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara “VoMA” (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terror təşkilatları da cəlb olunublar.

Başqa bir sənədə əsasən, “VoMA” təşkilatı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ona yaxın şəxslərlə, eləcə də ASALA terror təşkilatının fəal üzvlərindən olan Alek Yeniqomşyan ilə yaxın dostluq əlaqələri saxlayan Vladimir Vartanov tərəfindən yaradılıb. Təşkilatın hərbi təlimləri qış aylarında Ermənistanın Cermux və Dilican rayonlarında, yay aylarında isə Azərbaycanın vaxtilə işğal altında olmuş Kəlbəcər rayonunun Keşdək kəndi və Ermənistanın Bjni kəndindəki dağətəyi ərazilərdə təşkil olunub.

Hərbi təlimləri Ermənistan vətəndaşları Vardan Enoqyan, Samvel Qalstyan, Baqrat Beqlaryan, Artak Baqratyan, Levon Qevorqyan, Badal Safaryan, Qor Melkonyan, Qareqin Baqdyan, Spartak Hovanessyan keçiriblər. Qrup rəhbəri Qevorq Qriqoryan, təşkilat üzvlərinin yerləşdirilməsinə cavabdeh Edqar Arşakyan, qida məsələlərinə cavabdeh Qoş Qalstyan, ümumi təlimatçı Vaginak olub.

“VoMA”nın Rusiya Federasiyasında yaşayan ermənilərlə koordinasiya işini “Yerkrapa” təşkilatının Rusiya nümayəndəliyinin fəxri üzvü, Rusiya vətəndaşı Tananyan Qayane Arturovna təşkil edib. “VoMA”nın fəaliyyəti üçün tələb olunan maddi vəsait əsasən Rusiya Federasiyasından, eləcə də ABŞ-dan, Fransadan, Avstriyadan və Livandan göndərilən ianələr, həmçinin Ermənistandakı sahibkarların yardımları və iştirakçıların üzvlük ödənişləri hesabına formalaşdırılıb. “VoMA” təşkilatının rəhbəri Vladimir Vartanov 1965-ci ildə Yerevan şəhərində doğulub, 1992-ci ildə Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyanın müşaviri olub, nasist Qaregin Njdenin “özünümüdafiənin vacibliyi” ideologiyasını dəstəkləyir.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Suqovuşan istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri tərəfdən Livan, Fransa və ABŞ vətəndaşları aktiv iştirak edib. Xarici ölkələrdən gəlmiş “könüllü” dəstələrə “Baron Norik” ləqəbi ilə tanınan Livan vətəndaşının rəhbərlik edib. Onların arasında Hakop adlı Livan vətəndaşı və eyniadlı ABŞ vətəndaşı da olub.

ASALA ilə əlaqələrə malik olan Fransa vətəndaşı Gilbet Minasyan 15 nəfər erməniəsilli Fransa vətəndaşını döyüşmək üçün həmin Azərbaycanın işğal altında olmuş suveren ərazilərinə göndərdiyini bildirib, xarici ölkə vətəndaşları Artur Oqanisyan (Fransa), Stefan Keşişyan (Suriya), Gevorq Xaçyan (Livan), Armen Knyazyan (İspaniya), Aruşan Badasyan (ABŞ) və digərləri könüllü qismində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.

Knyazyan Armenin Arayik Harutyunyan ilə dostluq münasibətləri olub, o, 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. 2020-ci ildə Vətən müharibəsi başlayanda əmisi oğlanları Sarkis və Norik ilə birlikdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə gələrək Ermənistan silahlı qüvvələrinin tərkibində döyüş əməliyyatlarına qatılıb. Ölümündən sonra ona qondarma rejimin “qəhrəmanı” adı verilib. Fransanın Marsel şəhərindən gəlmiş Artur Oqanisyan isə 2020-ci ildə Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər. Əvvəllər belə muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərdə iştiraka cəlb ediliblər.

Daha sonra 2020-ci ilin iyul ayında Tovuz və Qazax rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması, 1992-ci il avqustun 27-də Goranboy rayonunun Gülüstan kəndində “QAZ-53” markalı avtomobildə 5 nəfərin öldürülməsi, həmin il sentyabrın 19-da Gülüstan kəndində azərbaycanlı sakinlərin atəşə tutulması, Yaqubova Aynur Həştərxan qızının, 1993-cü il iyunun 26-da Aslanov Firdovsi Bayram oğlunun və Aslanov Kamran Ramiz oğlunun, habelə digər şəxslərin öldürülməsi faktları üzrə sənədlər elan edilib.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
22
xalqqazeti.az

10Mənbələr