AZ

Beynəlxalq konfransın iştirakçıları Ağdərədə aşkarlanmış kütləvi məzarlığı ziyarət etdi


İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə aşkarlanan kütləvi məzarlığı ziyarət ediblər.

Kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində Azərbaycan hərbiçilərinə aid olması ehtimal edilən 10-dan çox meyit qalıqları aşkarlanıb.

Qonaqlara məlumat verilib ki, bu, işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış 29-cu kütləvi məzarlıqdır. Kütləvi məzarlıqda axtarış-qazıntı işi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlar və şahid ifadələri əsasında aparılır.

Birinci Qarabağ müharibəsində Ballıqaya kəndinin ərazisində, meşə massivində yerləşən bu strateji yüksəklik uğrunda çox ağır döyüşlər gedib. Bu ərazidən Sırxavənd, Ballıqaya və Qaraşlar kəndlərinə və yollara tam nəzarəti həyata keçirmək mümkündür. Bu səbəbdən də Ermənistan hərbçiləri strateji əhəmiyyət kəsb edən əraziyə böyük qüvvə və hərbi texnika yeridərək, yüksəklikdə mövqe tutmuş Azərbaycan hərbçilərini mühasirəyə alıb. Qeyri-bərabər döyüşdə könüllülərdən ibarət heyət qəhrəmancasına həlak olub, meyitləri Azərbaycan tərəfinə qaytarılmayıb.

Qazıntı zamanı sahədə ilkin ehtimala görə, 10 nəfər və daha artıq şəxsə aid meyit qalığı aşkarlanıb. Sayın artacağı istisna olunmur. Ərazilərin minalarla çirklənməsi, sərt relyef və hava şəraiti mütəxəssis heyətinin işini çətinləşdirir. Buna baxmayaraq, axtarış-qazıntı işləri davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, 30 illik işğal dövründə Ermənistan ordusu tərəfindən ərazilərə bir milyondan artıq mina yerləşdirilib. Ərazidən minaların və partlamamış sursatların təmizlənməsi uzun illər tələb edir.

İştirakçılar sonra ərazidə aşkarlanmış mina və partlamamış sursatların məhv edilməsi prosesini izləyiblər.

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış sessiyası keçirilib.

Seçilən
41
baki-xeber.com

1Mənbələr