BAKI, 10 oktyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı MDB ölkələrinin iqtisadiyyatlarında müşahidə olunan müsbət dəyişiklikləri qeyd edib.
Teleqraf xəbər verir ki, o, MDB məkanında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən əhəmiyyətli işlərə diqqət çəkib.
Prezident vurğulayıb ki, MDB dövlətlərində sosial-iqtisadi vəziyyət möhkəmlənir, bu isə əsas makroiqtisadi göstəricilərin sabit artımını, infrastrukturun inkişafını və regionun investisiya cəlbediciliyinin yüksəlməsini nümayiş etdirir:
“Bu nəticələr, ümumilikdə, inteqrasiya mexanizmlərinin və sadələşdirilmiş ticarət rejimlərinin səmərəliliyini göstərir, həmçinin ümumi iqtisadi məkanın formalaşması istiqamətində ardıcıl irəliləyişi təsdiqləyir”.