AZ

Azərbaycanda bank depozitləri niyə regionda ən aşağıdır? “İnsanlar qorxur, sabah soruşacaqlar ki....”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Məşhur “CEIC Data” platforması 2025-ci ildə ölkələr üzrə bank depozitlərinin həcmini araşdırıb.

Məlumata görə, Azərbaycan üzrə ümumi bank depozitlərinin həcmi 17,8 milyard dollar, adambaşına düşən depozit isə 1 746 dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan region ölkələri arasında son sıralarda yer alır.

Ən yüksək göstərici Estoniyada qeydə alınıb – ölkənin ümumi depoziti 32,4 milyard dollar, adambaşına düşən depozit isə 23 148 dollar olub. Litvada bu rəqəm 16 225 dollar, Latviyada isə 10 603 dollar təşkil edir. Baltik ölkələri bank sisteminə etimad və əmanət mədəniyyəti baxımından digərlərinə nisbətən daha yüksək səviyyədədir.

Rusiyada ümumi depozitlərin həcmi çox olsa da (972,7 milyard dollar), böyük əhali sayına görə adambaşına düşən məbləğ 6 667 dollar səviyyəsində qalıb. Gürcüstan (5 690 dollar), Ermənistan (5 153 dollar) və Belarus (2 307 dollar) kimi ölkələrdə də bu göstərici Azərbaycandan xeyli yüksəkdir. Qazaxıstanda ümumi depozitlərin həcmi 75,4 milyard dollar, adambaşına düşən məbləğ isə 3 829 dollar olub.

Ümumilikdə, 2025-ci ilin yanvar göstəriciləri göstərir ki, Azərbaycanın bank sektorunda depozit səviyyəsi hələ də region üzrə ən aşağı səviyyədədir.

Bəs maraqlıdır, insanlar əmanətlərini niyə yerli banklarda saxlamaq istəmirlər?

Bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “AzPolitika”-ya açıqlamasında bildirib ki, burada bir neçə məqamı qeyd etmək lazımdır: “Əvvəlcə banklara etimad məsələsi var. Azərbaycanda banklara 2015-ci ilin devalvasiyasından və daha sonra baş verən bankların müflisləşməsi fonunda etimad yüksək deyil. Digər tərəfdən, xarici valyutada – yəni dollarda vəsaitlərin qorunan faiz dərəcəsi 2,5 faiz, milli valyutada isə 12 faiz təşkil edir. Amma milli valyutada da qorxular var — insanlar düşünür ki, yenidən devalvasiya ola bilər. Xarici valyutada isə faiz aşağı olduğundan bu, elə də cəlbedici görünmür.”

Ekspertin sözlərinə görə, insanlar bu səbəbdən daha çox əmlaka yatırım edirlər, çünki əmlakın qiyməti sürətlə artır.

Ə. Həsənov qeyd edir ki, digər əsas məsələlərdən biri də qanunçuluq və şəffaflıq amilidir: “Məsələn, Gürcüstanı götürsək, orada qanunçuluq bizdən daha yüksəkdir və gəlir və xərc bəyannaməsi sistemi mövcuddur. Əgər sən bəyannaməni təqdim etmisənsə, sabah heç kim gəlib səndən soruşa bilməz ki, bu əmlak səndə haradandır? Bizdə isə belə bir sistem yoxdur. Buna görə də insanlar qorxurlar ki, sabah gəlib soruşacaqlar: bu əmlak, bu pul səndə haradandır? Halbuki qanuna görə, bizdən bu barədə heç kim heç nə soruşa bilməz. Amma praktikada belə hallar olur. Gəlib deyirlər ki, bütün bunların izahını ver. İzah verə bilməyəndə isə hamıya məlumdur ki, orada hansı proseslər baş verir.”

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
azpolitika.info

1Mənbələr