AZ

"Həmin razılaşma Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq" -Tural Gəncəliyev

"İsrail və Fələstin arasında əldə olunmuş sülh, atəşkəs razılaşması olduqca müsbət addım kimi qiymətləndirilməlidir. Atəşin dayandırılması, xüsusilə də mülki əhalinin həyatının qorunması və kütləvi qırğınların qarşısının alınması baxımından son dərəcə önəmlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev İsrail və Fələstinin HƏMAS təşkilatı arasında atəşkəsin əldə olunmasından danışarkən bildirdi.

"Hazırkı mərhələdə əsas məqsəd və prioritet insanların təhlükəsizliyinin təmin edilməsi, bölgədə baş verən insan tələfatının dayandırılması idi. Bu mənada atəşkəsin əldə olunması humanitar baxımdan mühüm nailiyyət sayılır. Atəşkəs nəticəsində insanların həyatı, təhlükəsizliyi və sağlamlığı bir qədər də olsa təmin olunacaq. Bu, həm də bölgədə sülhün bərpası istiqamətində mühüm ilkin mərhələdir".

Müsahibimizin fikrincə, bu razılaşma yalnız müvəqqəti sakitlik deyil, həm də beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn qəbul etdiyi prinsiplərə əsaslanaraq, gələcəkdə tam şəkildə Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq.

"Bu dövlətin paytaxtı kimi Şərqi Qüdsün tanınması, beynəlxalq hüququn legitim əsaslarına uyğun bir addım olacaq. Yaxın Şərq hazırda dərin siyasi və humanitar böhran içərisindədir. Bu səbəbdən, istənilən atəşkəs, istənilən silahlı toqquşmanın dayandırılması insan həyatının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ümid edilir ki, bu razılaşma regionda daimi və ədalətli sülhün bərqərar olmasına, insanların təhlükəsiz və sabit bir gələcəyə doğru irəliləməsinə zəmin yaradacaq", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
18
redaktor.az

1Mənbələr