AZ

İbtidai sinifdən repetitor təzyiqi -“Uşaqları erkən yükləmək risklidir”

Universitet ixtisaslarına hazırlaşmaq məqsədilə, xüsusilə 6, 7 və 8-ci siniflərdən başlayaraq, uşaqların ağır dərs rejiminə salınması onların gələcəkdə, xüsusilə 10-11-ci siniflərdə yorulmasına səbəb olur. Bu yorğunluq nəticəsində şagirdlər dərsdən uzaqlaşmağa başlayır.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib.

O qeyd edib ki, ixtisaslara uyğun şəkildə repetitor yanına getmək uşağın ciddi şəkildə yüklənməsinə səbəb olur:

"Mən ibtidai sinifdən, istər birinci, istər dördüncü sinif, hətta 5, 6 və 7-ci siniflərdən belə şagirdlərin ali təhsil müəssisələrinə hazırlıq üçün repetitor yanına getməsinin tərəfdarıyam. Lakin qruplar üzrə, ixtisaslara uyğun şəkildə repetitor yanına getməyə qarşıyam, çünki bu, uşağın ciddi şəkildə yüklənməsinə səbəb olur.

Təsəvvür edin, universitet ixtisaslarına hazırlaşmaq məqsədilə, xüsusilə 6-8-ci siniflərdən başlayaraq uşaqların ağır dərs rejiminə salınması onların 10-11-ci siniflərdə yorulmasına gətirib çıxarır. Bu yorğunluq nəticəsində şagirdlər dərslərə marağını itirir. Repetitor eyni proqramı təkrar keçmiş olur. İbtidai sinifdən bu prosesə başlamaq isə uşaqlarda dərslərə qarşı ikrah hissi yaradır. Yəni uşaq dərsdən iyrənməyə başlayır. Bu səbəbdən düşünürəm ki, aşağı siniflərdə ixtisas qruplarına uyğun şəkildə hazırlığa göndərmək düzgün deyil".

İbtidai sinifdən başlayaraq bu cür yükləmə aparmaq, təhsil eksperti fikrincə, uşağa qarşı bir növ psixoloji soyqırım kimidir:

"Əgər hazırlıq mütləq şəkildə görülməlidirsə, bu proses 8-ci sinifdən sonra, yəni ixtisas qrupu müəyyənləşdikdən sonra, 9-11-ci siniflərdə başlaya bilər. Bu zaman şagird ali təhsil müəssisəsində seçmək istədiyi ixtisas qrupuna uyğun şəkildə hazırlaşa bilər. Amma ibtidai sinifdən başlayaraq bu cür yükləmə aparmaq, mənim fikrimcə, uşağa qarşı psixoloji soyqırım kimidir. Təsəvvür edin, uşaq ibtidai sinifdən ciddi şəkildə yüklənir və bu proses 11-ci sinifədək davam edir, nəticədə beyni yeni bilikləri qəbul etməkdə çətinlik çəkir.

Bu baxımdan valideynlər belə yanaşmadan uzaq durmalıdır. Aşağı siniflərdə uşaqlar ciddi şəkildə yüklənməməlidir. Əgər repetitor dəstəyi mütləqdirsə, bu fərdi şəkildə və yalnız bəzi fənlər üzrə ola bilər. Məsələn, riyaziyyat, xarici dil və ya Azərbaycan dili üzrə fərdi hazırlığa göndərmək olar. Çünki dil bilikləri ibtidai sinif yaşlarında daha asan mənimsənilir. Eyni zamanda, riyazi məntiq biliklərinin inkişafı üçün fərdi hazırlıq və ya mental arifmetika kursları faydalı ola bilər. Bu yaşda uşağın beyni daha çevik inkişaf edir və bu inkişafın dəstəklənməsi məqsədəuyğundur".

Bundan başqa fənlər üzrə repetitor dəstəyi və ya ümumi hazırlıq kurslarına göndərmək yanlış yanaşmadır və yalnız əlavə yüklənmə deməkdir:

"Bu yüklənmə sonrakı illərdə, xüsusilə yuxarı siniflərdə, şagirdin ciddi problemlərlə qarşılaşmasına səbəb olur. Nəticədə şagirdin bal toplamasında çətinlik yaranır. Ona görə də mənim tövsiyəm odur ki, şagirdlər ibtidai siniflərdə deyil, 9-cu sinifdən sonra ixtisas qruplarını müəyyənləşdirib həmin istiqamətdə hazırlığa başlasınlar. Bu həm daha effektiv, həm də daha sağlam bir yanaşmadır".

Seçilən
11
azedu.az

1Mənbələr