Şagird dərslərin minimum 96%-ində iştirak etməlidir.
Bu fikri AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib.
O bildirib ki, şagird dərsdə iştirak etmirsə, bu zaman mütləq şəkildə müvafiq sənəd təqdim etməlidir:
"Ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri, o cümlədən peşə təhsili müəssisələri və tam orta ixtisas təhsili müəssisələrində şagird və tələbələrin davamiyyət məsələsi çox vacibdir. Bildiyiniz kimi, ali təhsil müəssisələrində davamiyyət təhsilin tərkib hissəsidir. Əgər tələbə müəyyən bir fənn üzrə dərslərdə iştirak etməzsə və davamiyyəti aşağı olarsa, həmin fəndən kəsir hesablanır. Məktəblərdə isə artıq bütün təhsil müəssisələrində tətbiq olunmağa başlayan şagird davranış qaydalarında qeyd olunur ki, şagird dərslərin minimum 96%-ində iştirak etməlidir.
Əgər şagird dərsdə iştirak etmirsə, bu zaman mütləq şəkildə müvafiq sənəd təqdim etməlidir. Bu sənəd, məsələn, yaşayış yerində müvəqqəti dəyişikliyin olması və ya tibbi səbəblərlə əlaqəli ola bilər. Hər iki halda müvafiq arayışlar və ya icazə sənədi təhsil müəssisəsinə təqdim edilməlidir".
Dərsdə iştirak səviyyəsi aşağı olan şagirdlər məktəbdən xaric oluna bilər:
"Əgər şagird üzrsüz səbəbdən dərslərdə iştirak etmirsə və davamiyyəti 96%-dən aşağı düşürsə, xüsusilə 50-60%-dən çox dərs buraxırsa, bu zaman məktəb rəhbərliyi tərəfindən valideyn və ya qanuni nümayəndəsi ilə birlikdə şagird məktəbə dəvət olunur. Onlarla söhbət aparılır və şagirdin dərsə davamlı şəkildə cəlb olunması üçün müvafiq tədbirlər görülür. Əgər buna baxmayaraq şagirdin dərsə cəlb olunmasında hələ də ciddi problemlər davam edərsə, növbəti mərhələdə onun təhsil müəssisəsindən xaric olunması məsələsi gündəmə gəlir. Bu halda artıq şagird məktəbdən uzaqlaşdırılır və ona təhsil sənədi və digər aidiyyəti sənədlər təqdim edilmir".