Bakı, 10 oktyabr, AZƏRTAC
Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qruplar müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçiriblər. Bu hücumlar nəticəsində bəzi veb-səhifələrin fəaliyyətində qısamüddətli fasilələr yaranıb.
ETX-nin məlumatına görə, bu hücumların əsas məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və istifadəçilər arasında çaşqınlıq yaratmaqdır.
Xidmət təşkilatlara və istifadəçilərə şübhəli keçidlərə daxil olmamağı, təhlükəsizlik yeniləmələrini vaxtında həyata keçirməyi, həmçinin ehtiyat nüsxələrin yaradılmasını təmin etməyi tövsiyə edib.