AZ

Türk yolu olan Orta dəhliz dünyanın ümidinə çevrilib

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün nəticələri dünyada diqqətlə təhlil olunur. Səbəb sadədir - iki qütbə bölünən dünyada yeni güc mərkəzi yaranır. Hər iki tərəfdə aydın başa düşülür ki, gələcək dünya düzəninə yön verilərkən qərarların qəbulunda TDT-nin hansı mövqe tutması nəzərə alınmalıdır.

Qəbələ Zirvəsi bir daha dünyaya göstərdi ki, bu təşkilat təkcə eyni tarixi köklərə malik xalqların mədəni həmrəylik qurumu deyil. Prezident İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatı həm də ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilat mükəmməl mexanizmlər quraraq müəyyən etdiyi hədəflərə çatmaq üçün dəqiq yol xəritəsi hazırlayıb. Bu hədəflər bizi nə qədər qürurlandırırsa, bizə qarşı olanları bir o qədər qorxudur. İndidən  bir sıra ölkələrin kütləvi informasiya vasitələri TDT-yə qarşı qarayaxma kampaniyasına başlayıblar. Bu, ilk növbədə, uzun illər türk dünyasını istədikləri kimi idarə edən və onun böyüklüyünü, tarixi keçmişini və əzəmətini unutdurmağa çalışanları rahatsız edir. Çünki onların yuxarıdan aşağı baxmağa alışdıqları türk dünyası siyasi, iqtisadi, maliyyə imkanları ilə yanaşı, hərbi gücə də çevrilir. 

Xəritəyə nəzər saldıqda bütün türk dövlətlərinin dünyanın ən önəmli tranzit ölkələri olduqlarını görməmək mümkün deyil. Türk dövlətləri həmçinin logistik imkanları ilə dünyanın vaz keçə bilmədiyi bir coğrafiyadır. O üzdən birliyin yerləşdiyi coğrafiya həm də geosiyasi baxımdan o qədər əhəmiyyətlidir ki, iki qütbə bölünən siyasi və hərbi güclər TDT ölkələri ilə əməkdaşlıq münasibətləri qurmaq zorundadırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Qəbələ Zirvə görüşündə xüsusi önəm verdiyi məsələlərdən biri də türk dövlətlərinin beynəlxalq logistika mərkəzinin olmasını vurğulamasıdır. Bununla bağlı Prezident İlham Əliyev çıxışında demişdir: "Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin (TRIPP) açılmasıdır. Zəngəzur dəhlizi həm Orta dəhliz, həm də "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Qəbələ sammitində Orta dəhlizin inkişafını və onun Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Trans-Əfqan dəhlizi layihələri ilə əlaqələndirilməsini dəstəklədiyini bəyan etdi. Dövlət başçısı regional logistikanın səmərəsini artırmaq üçün gömrük prosedurlarının rəqəmsallaşdırılmasının və tariflərin optimallaşdırılmasının vacibliyini vurğuladı. Eyni zamanda Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi, beynəlxalq və milli maliyyə institutları ilə əməkdaşlıq proqramının qəbul edilməsi təklifini irəli sürdü.

"Qəbələ Zirvəsində, eləcə də Vaşinqton Zirvəsinin önəmli qərarlarından biri - Zəngəzur dəhlizinin (TRIPP) gündəmə gətirilməsi olduqca vacib məsələdir. Belə ki, bu dəhliz Orta dəhliz və "Şimal-Cənub" marşrutları arasında yeni nəqliyyat arteriyası formalaşdırır və regionun iqtisadi dinamikasına əlavə güc qazandırır. Zəngəzur vasitəsilə yaranacaq yeni marşrutun fəaliyyəti regional inteqrasiyanı dərinləşdirməklə yanaşı, həm də Avrasiya məkanında ticarət əlaqələrinin coğrafiyasını genişləndirəcək" deyən TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev qeyd etdi ki, Zəngəzur dəhlizinin (TRIPP) təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək.

Məlumat üçün bildirək ki, Qəbələ Zirvəsində adıçəkilən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu (CKU) Orta Asiyada və daha geniş Avrasiya məkanında ən iddialı infrastruktur layihələrindən biridir. CKU texniki cəhətdən çox sərt dağlıq relyeflərindən keçən təkxətli magistral olmaqla yanaşı, iqtisadi cəhətdən son dərəcə səmərəli yoldur. Həmin layihə Orta Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün geniş imkanlar açacaq, Çinin Avropa ilə əlaqəsini şaxələndirən və Orta dəhliz kimi multimodal marşrutu gücləndirən yeni ticarət arteriyası olacaq. Bu da dəhlizin yükgötürmə qabiliyyətinin daha da artmasına əlavə stimul verəcək. 

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
48
50
azerbaijan-news.az

10Mənbələr