AZ

Moskvanın əlindəki “miqrant kartı” - Azərbaycan və Türk dünyası hansı addımı atmalıdır?  

 Rusiyada yaşayan azərbaycanlı miqrantların taleyi bundan sonra necə formalaşacaq? Son aylarda artan zorakılıq, təzyiq və ayrı-seçkilik hallarının fonunda miqrantlar ciddi təhlükə və narahatlıq hissi yaşayırdılar. Putin–Əliyev görüşü münasibətlərin yumşalması üçün bir ümid işığı yaradır, lakin ekspertlər hələ də ehtiyatlıdır: real vəziyyət hələ də gərgin qala bilər.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycanlı miqrantlara qarşı diskriminasiya siyasəti hansısa ötərgi davranış hadisəsi deyildi:

“Rus şovinizminin özgələrə yanaşmasının inikasıdır. Xüsusilə türk xalqlarına duyulan xofdan qaynaqlanan bu yanaşma rus imperializmi var olduqca mövcudluğunu qoruyacaq. Münasibətlərimizin xarakterindən asılı olaraq ya qismən səngiyəcək, ya da daha aqressiv hal alacaq. Qərb dünyasının Rusiyaya qarşı açdığı savaş qızışdıqca, özgələrə qarşı diskriminasiya da artacaq. Çünki Rusiya bu cür məqamlarda Azərbaycanı da öz yanında görmək istəyəcək, biz isə ölkəmizin milli maraqlarını nəzərə alıb Moskvanın bu arzusuna müsbət cavab verə bilməyəcəyik. Nəticədə Moskva da bizi öz cizgisinə gətirmək üçün Rusiyada yaşayan girovlarımızı incidərək Azərbaycana təzyiq göstərməyə çalışacaq. Odur ki, Putinin bir üzr istəməsi ilə hər şeyin bitdiyini düşünüb sevinənlərin nəşəsi uzun sürməyə bilər. Zira Moskvanın Azərbaycana münasibətinin xarakteri bizdən asılı deyil və daha çox xarici güc mərkəzlərinin Rusiya siyasətindən qaynaqlanır. Azərbaycanın isə bu beynəlxalq münasibəti dəyişdirmək imkanı yoxdur. Eyni şəkildə “cəhənnəmə gedənə yoldaşlıq etmək” də istəmirik və istəməli deyilik. Beynəlxalq güc mərkəzlərinin Rusiyaya qarşı siyasətinin açarı Kremlin öz əlindədir. Bunun üçün o, ilk növbədə Ukraynadan çıxmalı və xüsusilə də qonşuları ilə paritet əsaslara söykənən münasibətlər sistemi qurmalı, kiməsə yuxarıdan aşağı baxmamalıdır. Nə yazıq ki, Moskvada bunu anlayan yoxdur. Reallığı ismən anlayan bir ovuc rus ziyalısı isə Putinin qəzəbinə gəlməkdən qorxub susur. Öz aləmlərində Qərbin qisasını isə onunla yaxın münasibətlər quran keçmiş müstəmləkələrindən alır. Başa düşmək istəmir ki, bu səhv addımlar Rusiyanı getdikcə daha çox yalnızlaşdırır və məhvə sürükləyir”.


Rusiyadakı miqrantların Moskvanın əlində girov olduğunu düşünən siyasi şərhçi məlum təhlükəni zərərsizləşdirmək üçün Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə proqram hazırlamasının vacibliyinə inanır:

“Əks halda, Rusiya hər dəfə beynəlxalq arenada çətin vəziyyətə düşən kimi, Azərbaycandan nəsə umacaq və istədiyini əldə etmək üçün girov olaraq gördüyü miqrantlarımızı incidib rəsmi Bakıya təzyiqlərini artıracaq. Eyni sözlər Mərkəzi Asiya ölkələri üçün də keçərlidir. TDT-da birləşən bütün ölkələr Moskvanın əlindən miqrant kartı almaq üçün qüvvələrini birləşdirməli və geri qayıdış proqramı həyata keçirməlidir. Sirr deyil ki, hardasa 4 milyon kv.km-dən çox ərazisi olan bu coğrafiyada cəmi-cümlətanı 90 milyondan çox insan yaşayır. Əhalisinin yaş ortalaması 26.7 olan Türk dünyası ən ideal iş gücünə sahib olan coğrafiyalardandır. Üstəlik, kifayət qədər təbii sərvətlərimiz və işgüzar insanlarımız var. Coğrafiyamızın genişliyi də indikindən qat-qat çox insanı məskunlaşdırmağa imkan verir. Təbii sərvətlərimizdən gələn qazancımız, xarici investorların diqqətini cəlb edəcək potensialımız da var. Hətta bu genişlikdə ərazidə 90 milyon civarında insanın yaşaması iqtisadi inkişafın da qarşısını alan faktor kimi qiymətləndirilə bilər. Məsələn, təxminən Türk dünyası qədər əhalinin yaşadığı (96 milyon) Vyetnamın cəmi 331 min kv.km. ərazisi mövcuddur. Türk coğrafiyasının hardasa 8%-i qədər. Buna baxmayaraq, Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır. Yaxud qardaş Pakistanın ərazisi 880 min kv.km-dir. Türk dünyasından hardasa 5 dəfə balacadır, amma bu, o torpaqlarda 220 milyon, yəni Türk dünyasından 2.5 dəfə çox əhalinin yaşamasına mane olmur. Mən qəsdən sənaye ölkələrini deyil, bizimlə eyni kateqoriyada dəyərləndirilən inkişaf etməkdə olan dövlətləri misal gətirirəm ki, heç kim “onlar ayrı, biz ayrı” iradı tutmasın. Demək istədiyim odur ki, Rusiyanın hər an miqrant təzyiqlərinə məruz qalan, nəticədə istədiyi kimi inkişaf edə bilməyən türk dünyası rahatlıqla yurda qayıdış proqramı həyata keçirə bilər və bu, onu nəinki iqtisadi cəhətdən sarsıdar, əksinə daha da böyüdər. Sadəcə, türk dövlətlərinin hökumətləri əlavə yük altına girmək istəmir və Rusiyanın ona qarşı istifadə etdiyi ən güclü kartını əlindən almaqdan çəkinir. Bu da istər-istəməz Rusiyanın coğrafiyamızda arzuladığı kimi at oynatması ilə nəticələnir”.

Xalidə GƏRAY
Musavat.com

Seçilən
36
50
musavat.com

10Mənbələr