AZ

Trump-ın adı yenidən "Epstein işi" qalmaqalında: o, 2003-cü ildə Epstein-i təbrik edibmi?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Donald Trump Jeffrey Epstein-in işini "ölmüş mövzu" adlandırırdı. Amma bu mövzu bitməyib və Epstein-in keçmiş dostlarını hələ də təqib edir.

Sentyabrın 8-də Epstein-nin cinayətkar hərəkətləri və onların nəticələri ilə bağlı yeni materiallar dərc olunub.

Dərc olunan bu materiallar arasında 2003-cü ildə Epstein-in yubileyi münasibətilə aldığı təbriklərin toplandığı "kitab"dan parçalar var.

Bu parçalar həm Trump-ın opponentlərinə yeni arqumentlər təqdim edir, həm də Trump tərəfdarları və geniş ictimaiyyət üçün izahat tələb etmək üçün yeni səbəb yaradır.

Bəlkə də bu nəşri dərhal cinayət təhqiqatına səbəb olacaq inkaredilməz sübut kimi qiymətləndirmək olmaz və əlaqəli şəxslərin karyerasına son qoymaz.

Amma bu, 2019-cu ildə cinsi cinayətlərə görə məhkum edilmiş mərhum maliyyəçinin çox zəngin və çox nüfuzlu insanlarla yaxın əlaqələrini açıq və narahatedici şəkildə göstərir.

Yalnız bu fakt belə bu hekayəni skandallı və inandırıcı edir, ictimaiyyətin diqqətini adi siyasi mövzularla müqayisədə daha fərqli şəkildə cəlb edir.

2003-cü ildə Epstein-ə yubileyi üçün təqdim edilmiş "təbrik kitabı" adlanan albomdan dərc olunan hissələr Trump-ın tənqidçilərinə yeni arqument verdi.

Trump-dan bu cinayətlə bağlı şübhələnilməsi üçün heç bir əsas olmasa da, bu hekayənin ABŞ Prezidenti üçün siyasi nəticələri olduqca realdır.

O bu vəziyyətdə çox həssasdır.

"Təbrik kitabı"ndakı qeydin mövcudluğunu inkar etmək və məsələni görməməzlikdən gəlmək cəhdləri uğursuzluqla nəticələndi.

O, bəzən seçicilərini bu hekayəyə çox aludə olmaqda tənqid etsə də, özü keçən il hələ də bu mövzuya marağı artırırdı.

"Təbrik kitabı" nəyi dəyişdi

2003-cü ildə Epstein-in o vaxtkı sevgilisi Ghislaine Maxwell tərəfindən tərtib edilmiş "təbrik kitabı"nda onlarla açıqca və qeydlər var, lakin cinsi istismar və insan alveri ilə bağlı bu ağır hekayəni siyasi müstəviyə Trump-ın yazdığı iddia edilən qeydi daşıyır.

Qeydin məzmunu Trump və Epstein arasında çılpaq qadın cəsədinin konturuna həkk olunmuş, uydurma və qeyri-müəyyənliklə dolu xəyali dialoqdur. The Wall Street Journal qeydin mövcudluğu haqqında hələ iyul ayında məlumat vermişdi.

Əvvəlcə Trump belə bir təbrik qeydinin mövcudluğunu qəti şəkildə inkar etdi və "mistifikasiya"nın obyektinə çevrildiyini bildirdi. Onun vəkilləri isə böhtan iddiası ilə məhkəmə müraciət etdilər.

Mühafizəkarlar Trump-ı müdafiə edəndə, Prezident görünür ki, öz seçicilərini sakitləşdirməyə nail oldu; seçicilər Trump administrasiyasının "Epşteyn işi" ilə bağlı sənədlərə yanaşmasını düzgün hesab edib-etməmək məsələsində iki yerə bölünmüşdü.

Siyasi analitiklər təxmin edirdilər ki, bu qeyd hekayəsi Prezidentin, sadəcə, kənara atdığı potensial skandallar və ittihamlarla dolu uzun siyahıda növbəti epizod olacaq.

Trampın taktikasında gözə çarpan bir qüsur var idi: qeyd dərc oluna bilərdi, məhz belə oldu.

Maliyyə qəzetinin səhifələrində ədəbsiz mətnləri və şəkilləri cəsarətlə təsvir etmək bir şeydir, ancaq çılpaq qadın şəkli və Trump-ın imzasına bənzəyən imzanı əks etdirən qeydin özünü dərc etmək başqa şeydir.

Prezidentin müşavirləri və tərəfdarları qeydin orijinallığını şübhə altına almağa davam edirlər, amma onun mövcudluğunu inkar etmək artıq mümkün deyil.

"Prezident bu məktubu yazmayıb, imzalamayıb və məhz buna görə Prezidentin hüquq komandası Wall Street Journal-a qarşı iddia qaldırdı", - çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirdi.

Bununla belə, bütün albomu saxtalaşdırılmış adlandırmaqdan o, ehtiyatla çəkindi. Trump, görünür ki, Epstein-ə göndərilən təbrik məktublarının müəllifləri arasında yalnız öz töhfəsinin orijinallığını inkar edən yeganə şəxsdir.

Trump-ın sözlərini dəyişməsi və izahlarına əlavə etməsi, tərəfdarları arasında onu siyasi oyunlara qarışmayan və birbaşa cavab verən insan kimi tanınan nüfuzunu zədələmə riski yaradır.

Böyük mozaikanın bir parçası

Ağ Evi daha çox narahat edən, qeydin özünün dərc olunması deyil, bu "təbrik kitabı"nın yenidən "Epşteyn işi"nə diqqət çəkməsidir.

Trampın yazdığı iddia edilən qeyd Epstein-in həyatının daha böyük mozaikasının yalnız bir parçasıdır - ən yüksək vəzifələrdə dostları və tanışları olan bir adamın portretidir.

Cəmi bir həftə əvvəl Epstein-in cinayət qurbanları və onların ailələri Kapitol pilləkənlərində toplaşaraq öz ağrı və emosional travmalarını ifadə etmişdilər.

Bu kontekstdə "təbrik kitabı"nın Epstein-in ətrafındakı zəngin və nüfuzlu insanların onun cinayətlərinə tam laqeydliyini açıq şəkildə göstərən bir sübut oldu.

Kitabda, görünür, Florida investorundan olan bir qeyddəki fotoda Epstein əlində böyük məbləğdə, guya, Trump-dan gələn çek tutub. Şərh mətnində zarafatla deyilir ki, Epstein Trump üçün "tamamilə amortizasiya olunmuş" bir qadını 22 500 dollara satıb.

Digər qeydlərdə əxlaqsız rəsmlər, çılpaq bədənlərin fotoları və heyvanların cinsi akt zamanı təsvirləri var idi.

Albomda siyasətçilər, hüquqşünaslar və iş adamlarının da mesajları yer alıb. Məsələn, keçmiş Prezident Bill Klinton Epstein-in "uşaq marağı" və "dünyanı yaxşıya dəyişmək arzusu" barədə yazıb.

Hazırda ABŞ-da Böyük Britaniyanın səfiri olan Piter Mandelson isə tropik mənzərələrin fotolarını əlavə edərək, Epstei-ni özünün "ən yaxşı dostu" adlandırıb.

Klinton tərəfdarları BBC-nin şərh sorğusuna cavab verməyib. Daha əvvəl siyasətçi bildirmişdi ki, Epstein-in cinayətlərindən xəbərsiz olub.

Mandelson-un rəsmi nümayəndəsi BBC-yə bildirib ki, səfir "Epstein-lə tanış edildiyi üçün çox təəssüfləndiyini uzun müddət əvvəl bildirmişdi".

Bəzi respublikaçılar qeyd edirlər ki, demokratlar, demək olar ki, yalnız Trump üzərində fokuslanıblar. Onlar bunu siyasi mənfəət axtarışından qaynaqlanan qəzəbli bəyanatların sübutu kimi görürlər.

Sol qüvvələr bunu inkar etməkdə çətinlik çəkəcəklər.

Məsələn, Nümayəndələr Palatasının "Epşteyn işi" üzrə araşdırma aparan komitəsinin demokrat üzvləri albomdan məhz Trump-ın göndərdiyi təbrik səhifəsini dərhal dərc etdilər.

Gözlənildiyi kimi, Prezidentlə bağlı digər hər hansı detallardan da eyni sürətlə ictimaiyyət xəbərdar olacaq.

Məsələ yalnız prezidentdə deyil

Amma bu hekayə artıq ABŞ Prezidenti ilə bağlı növbəti skandaldan daha böyük bir şeyə çevrilib. Bu, seks, cinayətkarlıq və hakimiyyətlə bağlı bir hekayədir: maraq burada bundan irəli gəlir və siyasi motivlərdən asılı olmayaraq, diqqət çəkəcək.

Keçən həftə Nümayəndələr Palatasının spikeri Mike Johnson (respublikaçı) bildirdi ki, Trump Epstein-lə bağlı ilkin araşdırma aparılan zaman istintaqla əməkdaşlıq edib - bu versiyanı Epshtein özü 2016 və 2017-ci illərdə jurnalist Michael Wolff-a müsahibələrində səsləndirmişdi.

Sonradan Mike Johnson sözlərindən imtina etdi, amma bu, Trump-ın Epstein-in qanunsuz davranışları barədə nəyi bilə biləcəyi və nə vaxt xəbər tutduğu ilə bağlı yeni suallar yaratdı.

"Epşteyn işi" üzrə yeni sənədlərin - şahid ifadələri, maliyyə sənədləri və hüquq-mühafizə orqanlarının axtarış zamanı topladığı sübutların dərc olunması ictimaiyyət üçün çox şey açıqlaya bilər.

Kentukidən respublikaçı konqresmen Thomas Massie və Kaliforniyadan demokrat Ro Khanna hazırda Nümayəndələr Palatasında "Epşteyn işi" ilə bağlı bütün sənədlərin dərc edilməsi üçün səsvermə təşkil etmək məqsədilə imza toplamaqdadır.

Ağ Ev buna qəti etiraz edir.

İlin əvvəlində artıq aktuallığını itirmiş kimi görünən Epşteyn hekayəsi indi o nöqtəyə yaxınlaşır ki, onun davamını heç kim əlaqələrinə və ya nüfuzuna baxmayaraq dayandıra bilməyəcək.

Və baxmayaraq ki, Prezidentin dostunun cinayət fəaliyyətində iştirakına dair heç bir sübut yoxdur, onun Epstein-lə uzunmüddətli dostluğu (2004-cü ildə dava nəticəsində bitmiş) və ABŞ-dakı siyasi zirvədəki mövqeyi Trump-ı bu dramın mərkəzi qəhrəmanına çevirir.

Seçilən
122
bbc.com

1Mənbələr