Eyyub Hüseynov: “Sənaye üçün lazım olan palma yağının qidada istifadə olunması yolverilməzdir”
Palma yağının ziyanlı olması ilə bağlı yayılan fikirlər vətəndaşları illərdir narahat edir. Çünki marketlərdə satılan çox sayda şokolad və qidaların tərkibinə bu yağdan qatılır.
Avropalı həkimlər bu yağdan istifadənin piylənmə və xroniki xəstəliklərin inkişafına gətirib çıxardığını deyir. Lakin istehlakçıları palma yağının zərərsizliyinə və hətta xeyirli olduğuna inandırmaq üçün səy göstərən istehsalçılar da var. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatda sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyası birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə edilir. Vurğulanır ki, digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir. Doymuş yağlar isə orqanizm üçün zərərli hesab edilir.
Qeyd etdiyimiz kimi, ölkəmizdə palma yağından istifadə edənlər artır. Məlumat üçün bildirək ki, bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb. 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252.2 min ABŞ dolları dəyərində 21 min 814.6 ton "xam palma yağı və onun fraksiyaları” idxal edilib. Bir kiloqram palma yağının orta idxal qiyməti 22% artaraq 2.44 manata çatıb. Maraqlıdır, palma yağının zərərləri ilə bağlı cəmiyyətdə ciddi müzakirələr edilir, maarifləndirmə kampaniyaları aparılır. Bəs palma yağı Azərbaycana niyə böyük həcmdə idxal olunur?
“Toxumdan hazırlanan yağlar normaldır, Avropa bazarında da satılır, ancaq gövdəsindən və yarpağından hazırlanan yağlar…
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə qida ilə bağlı ciddi problemlər var: “Danılmaz faktdır ki, Azərbaycan istehlakçıları digər ölkələrlə müqayisədə apteklərə çox üz tutur. Xəstəxanalarda həkim qəbulunda növbələr yaşanır. Son illər xəstəliklərin artması əslində istifadə olunan qidanın keyfiyyəti ilə bağlıdır. Əksər dünya ölkələri uzunömürlüyünə görə Azərbaycandan öndədir. Bunun da səbəbi, təbii ki, keyfiyyətsiz qidalardır. Keyfiyyətsiz qidalara yağ, çörək, şirniyyat, müxtəlif növ içkilər və digərləri daxildir”.
Həmsöhbətimiz bildirdi ki, palma yağı çox ucuz qiymətə başa gəlir. Duru yağ olaraq, yəni bitki yağı olaraq dünya bazarına girdikdə bu yağlar digər duru yağ istehsalçılar ilə ciddi rəqabət mühiti yaradır: “Palma yağı iki cür olur, biri onun lətinlən, meyvəsindən, biri də toxumundan çəkilir. Toxumdan hazırlanan yağlar normaldır, Avropa bazarında da satılır. Ancaq gövdəsindən və yarpağından hazırlanan yağlar sənaye üçündür. Təəssüf ki, bizdə bu yağlar sərbəst şəkildə satılır. Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının artması bunun kimi keyfiyyətsiz məhsullarla bağlıdır. Sənaye üçün lazım olan palma yağının qidada istifadə olunması yolverilməzdir”.
Günel CƏLİLOVA